Simeon Slavçev: “Qarabağ”dan “Levski”yə dönmək geriyə addım idi”

Simeon Slavçev: “Qarabağ”dan “Levski”yə dönmək geriyə addım idi”
# 19 noyabr 2021 13:01 (UTC +04:00)

“Levski” ilə yollarımızı artıq ayırmışıq. Orada qalmaq uğurlu və cəlbedici deyildi”.

Apasport.az saytının məlumatına görə, bunu “Levski”dən ayrılan “Qarabağ”ın sabiq futbolçusu Simeon Slavçev deyib.

Ölkəsində Blitz TV-yə müsahibə verən 28 yaşlı orta sahə oyunçusu ötən il Azərbaycan təmsilçisindən “Levski”yə keçdiyi üçün peşman olduğunu gizlətməyib: “Hələ “Qarabağ”da olanda bir gün “Levski”yə qayıdacağıma əmin idim. Sadəcə, nə vaxt olacağını bilmirdim. Amma deyəsən, 7 il legioner həyatı yaşadıqdan sonra Bolqarıstana qayıtmaqda erkən addım atdım. Bu mənada “Qarabağ”dan “Levski”yə dönmək geriyə doğru atılmış addım idi. Komanda tamam başqa cür olsaydı, yaxşı çıxış etsəydim və zədəm olmasaydı, bəlkə də, geriyə addım olmazdı. Millidə, Polşada, Kiprdə, Azərbaycandakı oyunumu burada sərgiləyə bilmədim. Ardıcıl zədələr, düzgün bərpa dövrü keçməmək bunda böyük rol oynadı. Mənim üçün uğurlu dövr deyildi”.

“Sportinq”, “Bolton”, “Apollon”, “Lexiya” kimi klublarda legioner həyatı yaşamış Bolqarıstan millisinin üzvü ən çox “Qarabağ”da qazandığını söyləyib: “Azərbaycanda yaxşı idi, hər şey vaxtında ödənilirdi. “Qarabağ”da işlər peşəkar şəkildə görülürdü. Bəli, orada yaxşı ödəniş olur, amma nəticənin də 100 faiz olması gözlənilir. Saat 11-də bazaya gedirsən, axşam saat 8-də çıxırsan. Hətta əlavə məşq də olurdu. Hər gün idman zalında hazırlıq var və 8 saat bazada olursunuz. “Qarabağ”da nəticə də var - 8-9 ildir avrokubokların qruplarında iştirak edirlər. Çempionlar Liqasında, Avropa Liqasında oynayıblar, mütəmadi avrokuboklardadırlar. Orada olduğum iki ildə iki dəfə Avropa Liqasının qrupunda çıxış etmişəm. Uğur hər kəsin peşəkar şəkildə işləməyi bacarması ilə əldə edilir. Orada oyunçuları çox diqqətlə seçirlər, bütün səlahiyyətlər baş məşqçidədir”.

Slavçev ən yaxşı dövrünü isə “Lexiya”da keçirdiyini vurğulayıb: “Lexiya” xüsusi qeyd etməliyəm. İki il orada oldum, bu müddətdə çox əyləndim. Çünki komandanın çox azarkeşi var idi, peşəkar iş gedirdi. Orada çox yaxşı oynadım və özümü xoşbəxt hiss etdim. “Lexiya”dan sonra “Qarabağ”da futboldan həzz aldım”.

Qeyd edək ki, Simeon Slavçev 2018-ci ilin yayından 2019-cu ilin dekabrına qədər “Qarabağ”ın formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR