Türkiyə Cəbəllütariqi asanlıqla məğlub edib

Türkiyə Cəbəllütariqi asanlıqla məğlub edib
# 13 noyabr 2021 22:54 (UTC +04:00)

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində IX tur davam edir.

Apasport.az saytının məlumatına görə, G qrupunda günün ilk iki matçı baş tutub.

Qətərdə keçiriləcək final mərhələsində vəsiqə uğrunda mübarizəni davam etdirən Türkiyə yığması öz meydanında Cəbəllütariqlə qarşılaşıb. “Ay-ulduzlular” autsayderlə görüşdə çətinlik çəkməyib.

Qardaş ölkə təmsilçisi matçın taleyini artıq ilk yarıda həll edib. Fasiləyədək üç assistə imza atan Burak Yılmazın ötürmələrini bir dəfə Kərəm Aktürkoğlu, iki dəfə Halil Dervişoğlu qola çevirib.

Fasilədən sonra da oyunda meydan sahibləri dominantlıq edib. Merrih Demiral, Sərdar Dursun və Mert Muldurun qolları qonşularımıza 6:0 hesablı qələbə qazandırıb.

Bu qələbədən sonra Türkiyə yığması xal hesabını 18-ə çatdırıb. Norveçin evdə Latviya ilə qolsuz heç-heçə etməsi “ay-ulduzlular”ın ikinci sıraya yüksəlməsi üçün yetərli olub. Şimallıları top fərqində keçən Ştefan Kuntsun yetirmələri Niderlanddan bir xal geri qalır.

Qeyd edək ki, qrupun bu gün baş tutan Norveç – Latviya görüşü 0:0 hesabı ilə başa çatıb. Niderland isə Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qarşılaşmada Monteneqronun qonağı olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR