Vidadi Rzayev: “Qrupa düşməmək futbolumuzun fiaskosu olar” - MÜSAHİBƏ

Vidadi Rzayev

© APA | Vidadi Rzayev

# 19 avqust 2021 15:36 (UTC +04:00)

Futbolçu karyerası ərzində “Neftçi” və “Qarabağ”ın formasını geyinmiş, hazırda “Kəpəz”də köməkçi-məşqçi vəzifəsini icra edən Vidadi Rzayevin apasport.az saytına müsahibəsi

- Konfrans Liqasındakı təmsilçilərimiz “Neftçi” və “Qarabağ” bu gün pley-off mərhələsində ilk oyununa çıxacaq. Hayfa “Makkabi”si və “Aberdin”lə dueldə şansları necə dəyərləndirirsiz?
- İlk növbədə hər iki komandamıza uğurlar arzulayıram. Ancaq hər iki rəqib çətin komandadır. İsraillilər bizə yaxın futbol oynayırlar, texniki oyun sərgiləyirlər. “Aberdin” isə Qurban Qurbanovun da dediyi kimi, güc futboluna da çox üstünlük verir. Hər il “Qarabağ” üzümüzü ağardırdı, avrokuboklarda qrupa düşürdü. Təəssüf ki, əvvəlki illərlə müqayisədə futbolumuz da geriləyib. “Keşlə” və “Sumqayıt” avrokuboklarda zəif çıxış etdi. İnanmaq istəyirəm ki, “Neftçi” və “Qarabağ” futbolumuzun uğuru üçün qrupa düşərlər. Ancaq Azərbaycan futbolu yerində saymaqda davam edir. Çünki klublarımızın oyunundan ağlım bir şey kəsmir. Sentyabrda isə millimizin seçmə mərhələ oyunları olacaq. Klublarımızdakı yerli oyunçuların çıxışı yığma ilə bağlı müəyyən fikir yürütməyə kifayət edir. Milli ölkə futbolunun aynasıdır. Klublara baxanda bilirsən ki, yığma nə gündədir.

- “Keşlə” və “Sumqayıt”ın ilk mərhələdə məğlubiyyəti gözlənilməz deyildi. Ancaq Konfrans Liqası olmasaydı, “Neftçi” də hazırda avrokuboklardan kənarda idi. Demək olarmı ki, üçüncü dərəcəli turnir “Neftçi”nin əlindən tutdu?
- Bəli, razıyam. Konfrans Liqasını ona görə yaratdılar ki, zəif futbol ölkələri də nəyəsə ümid etsin. Amma burada da qrupa düşmək çətin görünür. Formatı elə qurdular ki, çempionumuz pley-offa qədər gəlir, orada dirənir. Ancaq klublarımızın qrupa düşməməsi futbolumuzun fiaskosu olar. Heç olmasa bir komandamız qrupa düşə bilsin. Səhv etmirəmsə, dünyanın heç bir yerində komandalarının 50 faizinin avrokuboklara qatıldığı bir çempionat yoxdur. 8 komanda yuxudan duranda da bir-birini görür, ölkə kubokunda da rəqib olanda mövsümdə 6 dəfə qarşılaşırlar. Belə çempionatla inkişaf etmək olmaz. Hətta 10-12 komanda ilə də inkişafa inanmıram. Çünki o qədər futbolçumuz yoxdur.

- Hayfa “Makkabi”si vaxtilə “Xəzər Lənkəran”ı 8:0 hesabı ilə məğlub etmiş komandadır. “Neftçi”nin hazırkı durumu isə ürəkaçan deyil. Növbəti biabırçı nəticə ehtimalı sizi qorxutmur?
- Açığı, bu cür biabırçı hesabın olacağına inanmıram. 0:8 hesabı olanda “Xəzər Lənkəran”ın hansı vəziyyətdə olduğu yadımdan çıxıb. “Neftçi”də də pis oyunçular yoxdur. Düzdür, Namik Ələskərovun gedişi komandaya pis təsir etdi. Bu ərəfədə getməsəydi, daha yaxşı olardı, “Neftçi”nin gücünə güc qatardı. Komandaya kömək edərdi, sonra halallıq alıb gedərdi.

- Tofiq Bəhramov adına Respublika Stadionunun ot örtüyü bərbad durumdadır. Bu amil “Aberdin” önündə “Qarabağ”a mənfi təsir edə bilərmi?
- Heç bir təsir etməyəcək. Hər iki komanda eyni şərtlər altında oynayacaq. Şotlandiyalılar fiziki futbola, təkbətək mübarizələrə üstünlük verirlər. Meydançanın bərbad olmağının heç bir rolu yoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR