XXI əsrin məğlubedilməz çempionları açıqlanıb

Reyncers

© APA | Reyncers

# 18 may 2021 16:36 (UTC +04:00)

Əfsanəvi ingiltərəli futbolçu Stiven Cerrard baş məşqçi kimi ilk çempionluğunu “Reyncers”lə qazanıb.

Apasport.az saytının məlumatına görə, onun çalışdırdığı komanda Şotlandiya Premyer Liqasını məğlub olmadan çempion kimi başa vurub.

Bununla “Reyncers” XXI əsrdə Avropada 38 oyunluq çempionat marafonunu məğlub olmadan zirvədə tamamlayan 4-cü klub olub. Bu əsrin məğlubedilməz çempionlarını tanıyaq.

1. “Arsenal” (2003/04)
Arsen Vengerin rəhbərliyi altındakı “Arsenal” hələ də Premyer Liqada əlçatmaz olan məğlubiyyətsiz çempionluq rekorduna qovuşub. 2003/04 mövsümünü 26 qələbə, 1 bərabərliklə bitirən “topçular” İngiltərədə yenilgi üzü görməyən ilk və tək çempiondur. Maraqlıdır ki, həmin vaxtdan bəri London təmsilçisi qızıl medal üzünə həsrətdir.

2. “Yuventus” (2011/12)
2006-cı ildə danışılmış oyunlara görə elitanı tərk edən “Yuventus” həmin hadisədən sonrakı ilk A seriyası çempionluğunu 2011/12 mövsümündə uduzmadan qazanıb. Antonio Kontenin çalışdırdığı komanda 23 qələbə, 15 bərabərliklə rəqibləri üçün məğlubedilməz olub. Bununla “Yuventus” A seriyası tarixində 38 oyunluq marafonu məğlubiyyətsiz bitirən ilk klub olub.

3. “Seltik” (2016/17)
Brendan Rojersin “Seltik”i həmin vaxt keçirdiyi 38 görüşün 34-də qələbə qazanıb, cəmi 4-də heç-heçə edib. “Seltik” həm də liqa tarixində ən çox xal qazanan komanda olub (106 xal). Qlazqo təmsilçisi həmin mövsüm çempionluqla yanaşı, kuboku və Superkuboku da muzeyinə aparıb.

4. “Reyncers” (2021/21)
Stiven Cerrardın yetirmələri bu mövsüm keçirdikləri 38 qarşılaşmanın heç birində məğlubiyyət üzü görməyib. “Seltik”in əzəli rəqibi də 100 xallıq səddi keçməyi bacarıb (102 xal). Bunun üçün komanda 32 qələbə, 6 heç-heçəlik nəticə göstərib. Rəqib qapılarından 92 top keçirən Şotlandiya çempionu cəmi 13 dəfə mərkəzə dəvət olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR