Elxan Məmmədov: “İtaliya millisinin oyunlarını infrastruktur baxımından qəbul etməyə hazırıq”

Elxan Məmmədov: “İtaliya millisinin oyunlarını infrastruktur baxımından qəbul etməyə hazırıq”
# 02 mart 2020 10:27 (UTC +04:00)

“Koronavirusla bağlı Avropa çempionatının təqvimində və ya keçirilmə məkanlarında hansısa dəyişikliyin olacağını düşünmürəm”.

Bunu apasport.az saytına AFFA-nın icraçı vitse-prezidenti və baş katibi Elxan Məmmədov deyib.

Koronavirusun ən çox yayıldığı ölkələrdən biri olan İtaliyada əksər idman tədbirləri təxirə salınır. Vəziyyət bu cür davam edərsə, A qrupunun Romaya salınan matçlarının başqa ölkədə keçirilməsi istisna edilmir.

Məmmədov italyanların hər üç qrup görüşünü qəbul etmək iqtidarında olduqlarını söyləyib: “Açığı, inanmıram ki, belə bir dəyişiklik olsun. Çünki UEFA tərəfindən bununla bağlı ciddi bir narahatlıq bildirilməyib. Amma təbii ki, belə bir qərar olarsa, qəbul etməyə tam hazırıq. Ancaq düşünürəm ki, hər şey yolunda gedəcək, UEFA-nın planlaşdırdığı kimi, oyunlar 12 şəhərdə keçiriləcək”.

Qeyd edək ki, AVRO-2020-nin A qrupunun oyunları Roma və Bakı şəhərlərində keçiriləcək. İtalyanların Türkiyə, İsveçrə və Uelslə görüşü öz ölkələrində, Uels - İsveçrə (13 iyun), Türkiyə - Uels (17 iyun) və İsveçrə - Türkiyə (21 iyun) qarşılaşmaları isə paytaxtımızda oynanılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR