Mirabdulla Abbasov: "Kimsə fikirləşməsin ki, "Neftçi" "gümüş"lə barışır" - MÜSAHİBƏ

Mirabdulla Abbasov: "Kimsə fikirləşməsin ki, "Neftçi" "gümüş"lə barışır" - MÜSAHİBƏ
# 07 aprel 2020 12:04 (UTC +04:00)

"Neftçi"nin hücumçusu Mirabdulla Abbasovun apasport.az saytına müsahibəsi

- Koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətin sizə hər hansı bir psixoloji təsiri olurmu?
- Əlbəttə ki, çölə cıxa bilməmək psixoloji cəhətdən hər birimizi yorur. Ən çox da futbol üçün darıxıram.

- Tez-tez spirtlənməkdən, əllərinizi sabunlamaqdan bezmirsiniz?
- Xeyr, bezmirəm. Çünki bu mənim və ətrafımda olan insanların sağlamlığı üçün vacibdir.

- Qardaşınız Mirsayib Abbasovla bir evdə qalırsız. Bir yerdə çox darıxmarsız...
- Hər ikimiz ayrı-ayrılıqda futboldan ötrü darıxırıq. Amma evdə bir yerdə məşq etmək daha maraqlıdı.

- Yəqin ki, verilmiş xüsusi proqram üzrə məşq edirsiz. Bəs boş vaxtlarınızı necə dəyərləndirirsiniz?
- Bəli, fərdi proqrama əsasən məşq edirik. Boş vaxtlarımda çox vaxt seriallara baxıram. Hətta baxdığım serialların təkrarını da izləyirəm.

- Qış fasiləsində "Neftçi"yə qayıtdınız. Getdiyiniz zamankı komanda ilə qayıtdıqdan sonra gördüyünüz kollektiv arasında nə kimi fərqlər hiss etdiniz?
- Bu müddətdə komandada baş məşqçi dəyişikliyi edildi. Düşünürəm ki, qış fasiləsindən sonra azarkeşlər çempionatda gözəl futbol sərgiləyən "Neftçi" görürlər.

- Keçmiş baş məşqçiniz Roberto Bordin sanki futbolçularla dil tapmaqda çətinlik çəkirdi...
- Şəxsən mənim Bordinlə heç bir problemim yox idi. Həmçinin deməzdim ki, o, futbolçularla dil tapmaqda çətinlik çəkirdi.

- Ancaq "Səbail"ə icarəyə getməzdən əvvəl sizin də Bordinlə aranızda narazılıqlar yaranmışdı. Həmin vaxt soyuqluğa səbəb nə olmuşdu?
- Bütün bunlar artıq keçmişdə qalıb, bu barədə danışmaq istəmirəm. Onu bilirəm ki, məşqçi komandadan ayrılanda mən artıq "Neftçi"də idim. Aramızda da heç bir soyuqluq yox idi. Əksinə, komandaya zədəli halda qoşulmuşdum. Məşqçilər korpusundan da lazımi dəstəyi görürdüm.

- Füzuli Məmmədov baş məşqçi təyin olunandan sonra "Neftçi"də sanki mehribanlıq yarandı və bu, oyun keyfiyyətinə də sirayət etdi. Məmmədov əsasən hansı dəyişiklikləri etdi?
- Fikrimcə, Füzuli müəllimin gördüyü iş göz qabağındadır. O ki qaldı dəyişikliyə, gördüyünüz kimi, komandamız onun rəhbərliyi altında gözəl futbol sərgiləyir.

- Amma siz əsas heyətə düşməkdə çətinlik çəkdiniz, 3 oyunda ümumilikdə 32 dəqiqə meydanda oldunuz. Dabo və Monrozla rəqabət aparmaq çətindir?
- Meydandan olduğum vaxtdan narazılığım yoxdur. Əlbəttə, əvəzetmədən meydana daha tez daxil olmaq istəyirdim. Ancaq yaxşı başa düşürdüm ki, 3 aylıq - uzunmüddətli zədədən qayıtmışam. Əsas heyətdə 90 dəqiqə meydanda mübarizə aparmağa tam hazır deyildim. Təzə-təzə fiziki hazırlığım yüksək səviyyəyə çatmağa yaxınlaşırdı ki, məşqlər və oyunlar dayandırıldı.

- Düşünmürsünüz ki, mövsümün sonuna qədər "Səbail"də qalmaq daha yaxşı olardı?
- Xeyr. "Neftçi"yə qayıtmaq barədə düşünürdüm. Fikrimcə, bu, düzgün addımdır.

- "Neftçi" gələn mövsüm üçün hücumçu axtarışındadır. Sizcə, buna ehtiyac varmı?
- Əlimdən gələni edəcəyəm ki, oyunumla buna ehtiyacın olmadığını göstərim. Komandadakı hücumçu sayından asılı olmayaraq, ilk növbədə öz oyunuma fikir verməli və rəqabətə hazır olmalıyam.

- "Qarabağ"dan 7 xal geridə, "Keşlə"dən isə bir o qədər irəlidəsiz. Çempionat bərpa olunsa belə, "Neftçi"nin gümüş medalı qazanacağını indidən demək olar?
- Hələ heç nə bilmək olmaz. Biz hər matça 3 xal üçün çıxırıq. Çempion olmaq arzusundayıq, buna da inanırıq. Kimsə fikirləşməsin ki, "Neftçi" "gümüş"lə barışır və ya kifayətlənir. Bu, yanlış düşüncə olar. Əminliklə deyə bilərəm ki, çempion olmaq üçün hər bir futbolçumuz sona qədər əlindən gələnin maksimumunu edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR