"Qarabağ"ın ispaniyalı legioneri: "Təhlükə hissi yoxdur və əvvəlki kimi davam edirik" - MÜSAHİBƏ

"Qarabağ"ın ispaniyalı legioneri: "Təhlükə hissi yoxdur və əvvəlki kimi davam edirik" - MÜSAHİBƏ
# 15 oktyabr 2020 11:16 (UTC +04:00)

“İstənilən xarici ölkəyə gedəndə bir qədər tənha qalacağınızı bilirsiniz. Ancaq qardaşım Danielin burada olması mənim üçün yaxşı haldır”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın futbolçusu Xayme Romero İspaniya mətbuatına müsahibəsində deyib.

Dağlıq Qarabağda baş verən hadisələrə münasibət bildirən 30 yaşlı ön xətt oyunçusu Bakıda heç bir problem hiss etmədiklərini vurğulayıb: “Burada həyat normaldır. Təhlükə hissi yoxdur və əvvəlki kimi davam edirik. Çünki münaqişə paytaxtdan kənardadır. Klubda hər şeydən təcrid olunmağımızı, yalnız oyunlarımıza köklənməyimizi istəyirlər. Çünki qarşıda vacib matçlarımız var. Problemli bölgənin adını daşıyırıq. Buradakı insanlar bizimlə birlikdədir”.

İspaniyalı vinger koronavirus pandemiyasının yaratdığı problemləri xüsusi qabardıb. O, tez-tez test vermələrindən narahatlığını dilə gətirib: “Münaqişədən çox Avropanı gəzdiyimiz zaman xüsusilə nəzərə çarpan amil koronavirus protokollarıdır. Bazar ertəsi və çərşənbə axşamı koronavirus testindən keçməli, Avropa Liqası matçı üçün səfər oyununa getməli, döndükdən sonra isə daha bir test verməliyik. Bütün bunlar hər şeyi alt-üst edir. Martdan bəri karantinlərə məruz qalırıq. Qadağa qoyulmurdu, amma restoranlar açıq olmurdu. Sonra açıldı və saat 19:00-a qədər vaxt qoyuldu. Ümid edirəm ki, müharibə və koronavirus problemi bitdikdən sonra normal həyat sürə bilərik”.

Romero Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun onlara qarşı mehriban olduğunu bildirib. Futbolçu ölkəmizdə dil problemi yaşamadığını da vurğulayıb: “Qurban Qurbanov çox ciddi görünən, amma sənə yaxınlıq edən insandır. Klubun uğurlarının çoxu onun sayəsində qazanılıb. Onunla ingilis dilində danışırıq, baxmayaraq ki, mən də çox danışa bilmirəm. Dil baxımından böyük çətinlik yaşamıram. Tərcüməçimiz var, məşqlərdə deyilənləri mənim üçün ispan dilində tərcümə edir. Komanda yoldaşlarımla bacardığım qədər ingilis dilində danışıram”.

Sağ cinah oyunçusu 2013/14 mövsümündə “Real”ın əsas komandasında PSJ-yə qarşı keçirilən yoxlama görüşü zamanı portuqaliyalı hücumçu Kriştianu Ronaldonu əvəzlədiyi anı da xatırlayıb: “Ronaldonun əvəzinə meydana daxil olmağım insanların diqqətini cəlb edən bir hadisə idi. Nəhayət, doğma ocaqdaydım və dünyanın ən yaxşıları ilə oynayırdım. Futbol tarixinin ən güclülərindən birinin yerinə meydana daxil olurdum. Ancaq bu, bir oyun idi, sonradan daha vacib hadisələr yaşadım”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR