"Qarabağ"ın qapıçısı: “Ağrıdan əlimi, ayağımı hiss etmirdim”

"Qarabağ"ın qapıçısı: “Ağrıdan əlimi, ayağımı hiss etmirdim”
# 19 aprel 2021 15:48 (UTC +04:00)

“Həmin anda nə baş verdiyini anlamadım. Topa birinci mən çatmışdım. Ağrıdan əlimi, ayağımı hiss etmirdim. Ayağa qalxanda üzüm qan içində idi".

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev deyib.

Azərbaycan Premyer Liqasının XXIII turunda “Səbail”lə matçın ilk hissəsində ağır zədə alan qapıçının müalicəsi davam edir.

Milli komandamızın üzvü son durumu ilə bağlı klubun rəsmi saytına açıqlama verib: “İndi özümü pis hiss etmirəm. Təkcə başımda 25-dən artıq tikiş var. Üzümə isə 7 tikiş qoyulub. Bərpa üçün müəyyən müddət gözləməliyəm. Ümid edirəm, tezliklə tikişlər söküləcək. Həmin epizodda mənə xəsarət yetirən Amil Yunanov, “Səbail”in baş məşqçisi Aftandil Hacıyev və digər futbolçular əlaqə saxlayıb, maraqlandılar. Bu müddətdə mənə görə narahat olan və səhhətimi düşünən hər kəsə təşəkkür edirəm. İndi isə tezliklə zədəmi bərpa edib, “Qarabağ”a kömək etmək istəyirəm. Azarkeşlərimizə də minnətdaram, mənə görə narahat oldular, dəstək mesajları yazdılar. Onların sevgisi məni güclü edəcək. Ümid edirəm ki, tezliklə meydana qayıdacağam”.

Qeyd edək ki, “Səbail”lə qarşılaşmanın 26-cı dəqiqəsində rəqib hücumçusu Amil Yunanovla toqquşma nəticəsində başından xəsarət alan Şahruddin dərhal xəstəxanaya aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR