Samir Abasov: "Premyer Liqanın ləğvi yalnız bir komandaya sərf eləmir"

Samir Abasov: "Premyer Liqanın ləğvi yalnız bir komandaya sərf eləmir"
# 23 aprel 2020 10:59 (UTC +04:00)

"Hamı kimi, biz də evdə oturub vəziyyətin düzəlməsini gözləyirik".

Bunu apasport.az saytına futbol mütəxəssisi Samir Abasov deyib.

Koronavirus pandemiyasının yaratdığı problemlərdən bəhs edən 42 yaşlı məşqçi gələcəkdə bütün bunların unudulacağını düşünür: "Hərdən televiziyada keçmiş oyunlara baxıram. İndi təkcə futbolsuzluq yox, ümumiyyətlə, həyat darıxdırıcıdır. Çölə çıxmaq, gəzmək, dost-tanışla görüşmək olmur. Məncə, futbol artıq yaddan çıxıb. Bu vəziyyət ən çox psixoloji cəhətdən mənfi təsir göstərir. Ancaq mənim fikrimcə, bir müddətdən sonra hamısı yaddan çıxacaq. Həyat necə idisə, həmin axarda davam edəcək. Unutqanlıq, naşükürlük insanın yaradılışında olan bir hissdir. Başına bəla gəlməyincə çox şeyi anlamırsan. Bəla keçib gedəndən sonra da şükür etmirsən".

Azərbaycan millisinin sabiq futbolçusunun fikrincə, Premyer Liqa bərpa olunacaq: "Veriləcək istənilən qərar anlayışla qarşılanmalıdır. Açığı, çempionatın ləğvi əksər komandalara sərf edər. Bəziləri çempionat dayandırılana qədər yaxşı vəziyyətdə idilər. Təsəvvür edin ki, həmin klublar bərpadan sonra zəif təsir bağışladılar və 5-6-cı pilləyə yuvarlandılar. Avtomatik günahı atacaqlar koronavirusun üstünə. Halbuki şərtlər hamı üçün eynidir. Məncə, Premyer Liqa bərpa olunacaq, qalan oyunlar keçiriləcək".

"Sumqayıt" və "Zirə"nin keçmiş çalışdırıcısı hesab edir ki, çempionatın ləğvi qərarı yalnız bir komandanın ürəyincə olmaz: "Premyer Liqanın ləğvi yalnız bir komandaya - "Zirə"yə sərf eləmir. Niyə belə düşünürəm? İlk 3 yer, demək olar ki, bəllidir. Elitanı tərk etmək olmasa, "Qəbələ" deyəcək ki, bu durumdan razıyam. "Səbail" düşünəcək ki, təki çempionat bu sıralama ilə bitsin, öz yerimdəyəm. "Sabah" üçün də mövsüm itirilmiş sayılır. Hazırkı situasiyaya görə, adıçəkilən komandaların heç birinə söz gəlməyəcək, hesabat tələb olunmayacaq. Belə yekunlaşsa, "Sumqayıt" 4-cü yerlə avrokuboklara gedəcək. Yalnız "Zirə" üçün vəziyyət arzuolunmazdır. "Zirə"dən başqa hamı bu durumu qəbul edəcək. Çünki indiki vəziyyətdə əsasən yalnız bu komanda oyundankənar qalır. Bütün bunlar mənim fərziyyələrimdir. Çempionat bərpa olunsa, hətta sonuncu yerin sahibi də Avropaya yollana bilər, hamı bir-birinə yaxındır. Amma mən mövsümün indiyəqədərki dönəminə əsasən belə düşünürəm".

Qeyd edək ki, Azərbaycan Premyer Liqası XX tur matçlarından sonra dayandırılıb. "Qarabağ" hazırda 45 xalla çempionata başçılıq edir. 2-ci sıradakı "Neftçi" Ağdam klubundan 7 xal geridə, ən yaxın izləyicisi "Keşlə"dən 7 xal öndədir. Aktivində 23 xal olan "Sumqayıt"la "Zirə" 4-5-ci yerlərdə qərarlaşıblar. Sonrakı pillələri müvafiq olaraq "Sabah" (21 xal), "Səbail" (20) və "Qəbələ" (19) tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR