“Sivasspor”un prezidenti: “Qarabağ”dan 3 xal alıb, şansımızı davam etdirmək önəmli idi”

“Sivasspor”un prezidenti: “Qarabağ”dan 3 xal alıb, şansımızı davam etdirmək önəmli idi”
# 27 noyabr 2020 00:47 (UTC +04:00)

“Bizim üçün çox stressli oyun idi. Çünki koronavirusa yoluxan futbolçu sayı komandamızda çoxdur”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Sivasspor” klubunun prezidenti Məcnun Otyakmaz Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la keçirilən oyundan sonra deyib.

Futbol funksioneri IV tur çərçivəsində İstanbulda baş tutan qarşılaşmada komandasının 3:2 hesablı qələbəsini dəyərləndirib: “Koronavirusa yoluxan oyunçumuz çox olması bu oyunöncəsi bizi qorxudurdu. Birinci hissə qorxmaqda haqlı olduğumuzu göstərdi. Ancaq ikinci hissədə lazımi taktiki dəyişikliklər sayəsində oyundan qopmadıq. İllərin təcrübəsi Konenin qolu ilə də qələbə qazandıq. “Qarabağ”dan 3 xal alıb, qrupdan çıxmaq şansını davam etdirmək önəmli idi. Bunu da bacardığımız üçün sevincliyik”.

Otyakmaz qrupdan çıxmaq şanslarının heç də az olmadığını düşünür: “Qrupda daha iki vacib görüşümüz var. “Vilyarreal” bu gün “Makkabi” ilə heç-heçə etdi. Niyə biz də onlarla bərabərə qalmayaq? “Makkabi” üzərində qələbə ilə də qrupdan çıxmaq istəyirik. Türk millətinin dəstəyini arxamızda hiss edirik. Bu dəstəklə hədəfimizə çatacağımıza inanırıq”.

Klub rəhbəri sonda “Qarabağ”a təşəkkürünü çatdırıb: “Oyunun İstanbulda keçirilməsinə baxmayaraq, qonaqpərvərliyə görə “Qarabağ”a təşəkkür edirəm. Hər iki tərəf iki dövlət, bir millət deyimini boşa çıxarmadı. Azərbaycan klubuna təşəkkürümü bildirirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR