"Zirə"nin futbolçusu: “Azərbaycanda karantin çox çətin deyil, Rumıniyada Ordu küçələrdədir”

"Zirə"nin futbolçusu: “Azərbaycanda karantin çox çətin deyil, Rumıniyada Ordu küçələrdədir”
# 25 mart 2020 15:04 (UTC +04:00)

"Karantinin başlaması yaxşıdır. Azərbaycanda karantin çox çətin deyil. Amma Rumıniyada evdən çıxa bilməzsən, Ordu küçələrdədir. Deyərdim ki, orada vəziyyət daha pisdir".

Bunu apasport.az saytına "Zirə"nin futbolçusu Adrian Skarlatake deyib.

Koronavirus pandemiyasının yaratdığı problemlərə toxunan rumıniyalı müdafiəçi bu virusa qalib gəlməyin mümkünlüyünü vurğulayıb. 34 yaşlı oyunçu bunun üçün sərt qərarların vacib olduğunu düşünür: "Planetin koronavirusa qalib gəlməsi mümkündür. Amma bu, çox ciddi karantinlə baş verə bilər. Bilirsiniz, karantinə riayət etməyənlərə böyük cəzalar tətbiq edilməlidir. Hamı buna məsuliyyətlə yanaşmalıdır".

Fasilələrlə olsa da, karyerasının böyük hissəsini ölkəmizdə keçirən Skarlatake Azərbaycan vətəndaşlığını almaq istəyində olduğunu gizlətməyib: "Bunun üçün bəzi dostlardan xahiş edəcəyəm. Mənim oğlum Bakıda doğulub, buna baxmayaraq, bu pasporta yiyələnməsi də çətindir. Bəlkə mənim də şansım var. Koronavirus problemi başa çatsın, görək sonra necə olacaq".

Təcrübəli müdafiəçi aprelin 14-dək dayandırılan Azərbaycan Premyer Liqasının tezliklə bərpa olunacağına ümid edir: "Ümid edirəm ki, daha tez başlayacağıq. Hər gün fərdi məşqimi edirəm. Mən hər an oyunların başlamasına hazıram. Biz yaxşı çıxış etməyə başlamışdıq ki, koronavirus təhlükəsi yarandı. Komandamıza güvənirəm və hədəfimizə çatacağımıza inanıram".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR