AFFA divizion klublarının heç birinə lisenziya verməyib

AFFA, loqo

© APA | AFFA, loqo

# 08 may 2021 12:24 (UTC +04:00)

Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, iclasda 2021/22 mövsümündə UEFA-nın klub və Azərbaycan Premyer Liqası yarışlarında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra müvafiq qərarlar verib.

AFFA UEFA-nın klub yarışlarında iştirak etmək üçün 6 kluba lisenziya verib. Bunlar "Qarabağ", "Neftçi", “Sumqayıt”, “Zirə”, “Keşlə” və “Sabah”dır. “Qəbələ” və “Səbail” avrokuboklarda oynamaq üçün lisenziya ala bilməyib.

Həmin iki klub Premyer Liqada iştirak etməsi üçün lisenziya alıb. Amma eyni istəklə müraciət edən I divizion klublarının istəyi təmin edilməyib.

“Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala” bununla bağlı müraciət etsə də, onlara lisenziya verilməyib. Bu isə o deməkdir ki, Premyer Liqada komanda sayı artırılmayacaq.

Düzdür, lisenziya iddiaçıları imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apelyasiya Komitəsinə şikayət verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan Futbol Klublarının Lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2020) 13-cü maddəsinə müvafiq olaraq, 2021/22 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR