Avrokuboklarda 21-ci dəfə finalda eyni ölkə klubları oynayacaqlar - STATİSTİKA

Çempionlar Liqası, Avropa Liqası

© APA | Çempionlar Liqası, Avropa Liqası

# 06 may 2021 12:56 (UTC +04:00)

Çempionlar Liqası tarixində 8-ci, avrokuboklarda 21-ci dəfə finalda eyni ölkə təmsilçiləri qarşılaşacaq.

Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində oynayacaq “Çelsi” və “Mançester Siti”yə qədər 20 belə hadisə yaşanıb.

Bunlardan yeddisi Çempionlar Liqası, 13-ü əvvəllər UEFA kuboku adlanan indiki Avropa Liqasına təsadüf edib. 5 fərqli ölkənin təmsilçiləri həlledici qarşılaşmalarda üz-üzə gəlib.

İspaniya daha çox – 8 belə final görüb. Bunun üçü Çempionlar Liqası, beşi Avropa Liqasına təsadüf edib.

İngiltərə 4 final həyəcanı yaşayıb. Cari mövsümədək hər turnirdə iki belə uğuru olan britaniyalılar 5-ci belə matçı bu il izləyəcək. Lakin “Çelsi” – “Mançester Siti” qarşılaşması yeganə belə final olmaya bilər.

Bu gün “Arsenal”la “Mançester Yunayted” Avropa Liqasının yarımfinal səddini keçmək imkanına malikdir. Bu, reallaşsa, avrokuboklar tarixində 2-ci dəfə hər iki finalda eyni ölkə təmsil olunacaq. Cəmi 2 il öncə Çempionlar Liqasında “Liverpul” “Tottenhem”i, Avropa Liqasının Bakıdakı finalında “Çelsi” “Arsenal”ı üstələmişdi. Futbolun yaradıcıları ikinci belə uğurun astanasındadır.

İtaliyanın 5, Almaniyanın 2, Portuqaliyanın 1 finalı baş tutub. Sonuncular yalnız Avropa Liqasında buna sevinibsə, digər iki ölkə bir dəfə Çempionlar Liqasında da duel izləyib.

Çempionlar Liqası
İspaniya finalı

1999/2000. “Real” – “Valensiya” – 3:0
2013/14. “Real” – “Atletiko” – 4:1, əlavə vaxtda
2015/16. “Real” – “Atletiko” – 1:1, pen. 5:3
İtaliya finalı
2002/03. “Milan” – “Yuventus” – 0:0, pen. 3:2
İngiltərə finalı
2007/08. “Mançester Yunayted” – “Çelsi” – 1:1, pen. 6:5
2018/19. “Liverpul” – “Tottenhem” – 2:0
2020/21. “Çelsi” – “Mançester Siti”
Almaniya finalı
2012/13. “Bavariya” – “Borussiya” D – 2:1

Avropa Liqası (əvvəl UEFA kuboku)
İspaniya finalı

1961/62. “Valensiya” – “Barselona” – 6:2, 1:1
1963/64. “Saraqosa” – “Valensiya” – 2:1
1965/66. “Barselona” – “Saraqosa” – 0:1, 4:2
2006/07. “Sevilya” – “Espanyol” – 2:2, pen. 3:1
2011/12. “Atletiko” – “Atletik” – 3:0
İngiltərə finalı
1971/72. “Tottenhem” – “Vulverhempton” – 2:1, 1:1
2018/19. “Çelsi” – “Arsenal” – 4:1
Almaniya finalı
1979/80. “Ayntraxt” – “Borussiya” M – 2:3, 1:0
İtaliya finalı
1989/90. “Yuventus” – “Fiorentina” – 3:1, 0:0
1990/91. “İnter” – “Roma” – 2:0, 0:1
1994/95. “Parma” – “Yuventus” – 1:0, 1:1
1997/98. “İnter” – “Latsio” – 2:0
Portuqaliya finalı
2010/11. “Porto” – “Braqa” – 1:0

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR