Musa Qurbanov: “Bizi fakt qarşısında qoyurlar, irad da bildirə bilmirik”

Musa Qurbanov

© APA | Musa Qurbanov

# 08 may 2021 14:22 (UTC +04:00)

“Açığı, bu qərarı gözləyirdim. Premyer Liqada 8 komandanın qalacağını fikirləşirdim”.

Bunu apasport.az saytına açıqlamasında “Zaqatala”nın prezidenti Musa Qurbanov deyib.

Klub rəsmisi AFFA-nın Lisenziya Komissiyası tərəfindən Premyer Liqaya buraxılmamalarına münasibət bildirib. Qurbanov qərara təəccüblənmədiyini söyləyib: “Mövsümün gedişindən görünürdü ki, çempionat elə hazırkı komandaların iştirakı ilə davam edəcək. Etiraf edək ki, istər “Zaqatala”, istər “Turan Tovuz”, istərsə də “Kəpəz”in bölgədə sponsoru yoxdur. Bizim sponsorumuz AFFA-dır. AFFA-nın da bu komandaları Premyer Liqada saxlayacağı gücdə və ya istəkdə olduğunu düşünmürəm”.

Musa Qurbanov qərar etiraz etmək üçün hər hansı bir əsaslarının olmadığını da vurğulayıb: “Düzdür, bir il ərzində çəkilən zəhmət hədər gedir. Amma irad bildirəcək nəsə tapa bilmirsən. Yüksək liqada çıxış etmək istəyirik, sənədlər də vermişik. Amma AFFA-dan bildirdilər da ki, bəzi şərtləri qarşılaya bilmirsiz. Maliyyə problemimiz var, bəzi işlər ödənişli olmalıdır, uşaq futbolu tələb olunan səviyyədə olmalıdır. Bu çatışmazlıqların da hamısı maliyyə ilə bağlıdır. Bizi fakt qarşısında qoyurlar, irad da bildirə bilmirik”.

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının bu gün baş tutan iclasında “Zaqatala” ilə yanaşı, I divizionun digər təmsilçiləri “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Kəpəz”ə də Premyer Liqada iştirak üçün lisenziya verilməməsini qərara alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR