“Neftçi”nin baş məşqçisi: “Bu gün elə gündür ki, mən tamadalıq eləməliyəm”

Samir Abasov

© APA | Samir Abasov

# 19 may 2021 23:12 (UTC +04:00)

“Çempionat ərzində çox danışmışam. Sözlərin tükəndiyi gündür”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının XXVIII – sonuncu turunda “Qarabağ”la keçirilən oyundan sonra deyib.

Rəqibini “Dalğa Arena”da qəbul edən Bakı təmsilçisi son dəqiqələrdə vurduğu yeganə qolla qələbə qazanaraq həm rəqibinin çempionluq seriyasına son qoyub, həm də Premyer Liqanı qalib tamamlayıb.

Oyunsonrası mətbuat konfransında çempion Abasovun şərhi belə olub: “Neftçi” camiəsini təbrik edirəm. Azarkeşlərimiz, inamımız möhtəşəm idi. Bu inama arxayınlaşaraq bura gəlmişik. Bura gəlməzdən əvvəl bazanın qarşısında nələr baş vermişdi. Bu cür azarkeşə çempionluq yaraşırdı. Yolun hələ əvvəlindəyik. Amma görünən odur ki, doğru yoldayıq. Hədsiz əziyyət çəkən insanlar var. Üzdə görünən futbolçular və məşqçilərdir. Görünməyən insanlar var ki, bizdən də çox bu çempionluğa layiqdirlər. Bazanın əməkdaşları, aşpazlar, xadimələr... Adlarını bir-bir çəkə bilmirəm, kimisə yaddan çıxara bilərəm. Onların haqqı məndən çoxdur. Bu gün elə gündür ki, mən tamadalıq eləməliyəm. Bütün komandalara təşəkkür edirəm. Biz bu gün təkcə “Qarabağ”a qarşı deyil, bir struktura qarşı oynayırdıq. Həqiqətən də, “Qarabağ” gözəl iş qurub. Onların hamısı dostlarımdır, xətirlərini çox istəyirəm. Amma bu ilin komandası biz idik”.

- Çempionlar Liqasında çıxış edəcəksiniz. Komanda güclənəcəkmi?
- Rəhbərliklə bu barədə danışmamışdıq, amma məşqçilər olaraq öz aramızda planlar qurmuşduq. Bəzi məqamlar var ki, rəhbərliklə həll olunmalıdır. Çempionlar Liqası tam fərqli turnirdir. Orada Azərbaycanı layiqincə təmsil etmək üçün bu yetərli deyil. Bütün Azərbaycan bizə baxacaq.

- Penalti epizodları ilə bağlı fikirləriniz nələrdir?
- Həmin epizodlarla qələbəmizə kölgə salmaq istəmirəm. Sabah təhlil etdikdən sonra nəsə deyə bilərəm. Oyunçumuzun yerdə əlində top dəydi. Bu nə dərəcədə penaltidir? Xaymenin epizodunda isə penaltidən söhbət gedə bilməz. Amma yenə də yanıla bilərəm.

- Qurban Qurbanova sual ünvanlandı ki, siz Samir Abasova uduzdunuz, yoxsa “Qarabağ” “Neftçi”yə uduzdu. Siz necə düşünürsünüz, şəxsən Qurban Qurbanova qalib gəldiniz?
- “Qarabağ” nümunəvi klubdur. Biz hələ işin əvvəlindəyik. Onlarda isə böyük struktur var. Qurban müəllimlə aramızda olan rəqabətdən yox, klublar arasındakı rəqabətdən danışmaq lazımdır. Düşünürəm ki, Samir yox, başqa məşqçi də olsaydı, eyni hal yaşanacaqdı. “Neftçi” min Samirdən üstündür.

- Komandada nəyi dəyişdiniz ki, mövsümü çempion kimi bitirdiniz?
- Kollektivi ələ aldıq, onlara inam aşıladıq. Ölmüş bir komandanı götürüb nəsə eləmək çətindir. Amma yarı işi mən gördümsə, yarı işi də futbolçular göstərdi. Onlar inandılar. Komanda ruhən ölmüşdü. 0:6 hesabı ilə uduzan komanda var idi. Söhbət məndən əvvəlki baş məşqçidən getmir. Bu çempionluqda onun da payı oldu. Son 5 oyunu səfərdə oynamışıq. Yayda çətin sınaqdan çıxdıq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR