Sərxan Hacıyev: “Oqtay Abdullayevə heç kim belə bir söz verə bilməz”

Sərxan Hacıyev

© APA | Sərxan Hacıyev

# 08 may 2021 16:15 (UTC +04:00)

“Sözün açığı, Oqtay Abdullayevin Lisenziyalaşdırma Komissiyasının “Turan Tovuz” klubu ilə bağlı qəbul etdiyi qərara münasibətdə verdiyi açıqlama məni təəccübləndirdi”.

Bunu apasport.az saytına AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev deyib.

Qurum rəsmisi “Turan Tovuz”un prezidenti Oqtay Abdullayevin saytımıza açıqlaması zamanı səsləndirdiyi fikirləri cavabsız qoymayıb. O, Tovuz klubunun tələb olunan sənədlərin heç də hamısını təqdim etmədiyi bildirib: “Oqtay müəllim uzun illərdir idman xadimi kimi fəaliyyət göstərir, bir neçə mövsümdür “Turan Tovuz” klubuna rəhbərlik edir və lisenziyalaşdırma proseduru ilə bağlı belə bir açıqlama verir. Onu deyə bilərəm ki, müvafiq lisenziya almaq istəyən “Turan Tovuz” klubunun müraciətində çatışmayan bir neçə sənəd var idi. Bəzi sənədlər, ümumiyyətlə, Lisenziyalaşdırma Qrupuna təqdim olunmamışdı. Onlardan bəzilərini sadalaya bilərəm. Məsələn, klubun əməkdaşlarına, futbolçularına borcun olub-olmaması barədə sənəd, çox vacib olan klubun audit yoxlaması haqqında sənəd, bank zəmanəti və s.”

Hacıyev əlavə edib ki, Oqtay Abdullayevin rəhbərlik etdiyi kluba lisenziyanın veriləcəyi ilə bağlı söz verilməsi əsassızdır: “Oqtay müəllim bildirib ki, lisenziya veriləcəyi ilə bağlı guya ona söz verilib. Qətiyyətlə deyə bilərəm ki, Lisenziyalaşdırma Komissiyasının iclasından öncə heç kim belə bir söz verə bilməz. Çünki istər UEFA, istərsə də ölkədaxili yarışlarda oynamaq hüququ verən lisenziyanın verilib-verilməməsi məsələlərinə komissiyanın iclasında baxılır, müzakirə olunur və yalnız təqdim olunmuş sənədlərə baxıldıqdan sonra müvafiq qərar qəbul edilir. Son olaraq onu da qeyd edim ki, audit sənədləri təqdim olunmadığı üçün yay aylarında “Turan Tovuz” klubuna audit yoxlamasının göndərilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, AFFA-nın Lisenziya Komissiyasının bu gün baş tutan iclasında I divizion təmsilçiləri “Kəpəz”, “Turan Tovuz”, “Qaradağ-Lökbatan” və “Zaqatala”ya Premyer Liqada iştirak üçün lisenziya verilməməsi qərara alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR