“Narkomaniya əsrin bəlasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib

“Narkomaniya əsrin bəlasıdır” mövzusunda elmi-praktik konfrans keçirilib
# 20 dekabr 2006 13:41 (UTC +04:00)
“Odlar Yurdu” Universitetində tələbələrin və Nərimanov rayonunda yerləşən 20 orta məktəbin şagird və müəllimlərinin iştirakı ilə “Narkomaniya əsrin bəlasıdır” adlı elmi-praktik konfrans keçirilib. Bu barədə APA-ya Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından məlumat verilib. Dövlət Komissiyasının işçi qrupunun rəhbəri İsrafil Əliyev çıxışında bildirib ki, son 10 ayda qanunsuz dövriyyədən 500 kiloqramdan artıq müxtəlif növ narkotik vasitə çıxarılıb. Bu müddətdə narkotiklərlə bağlı 1985 cinayət qeydə alınıb. Respublikada qeydiyyatda 18 min narkomanın olduğunu deyən İ. Əliyevin sözlərinə görə, narkomanların sayı reallıqda daha çoxdur. O bildirib ki, yerlərdə həkim-narkoloqların çatışmazlığı səbəbindən onların vəzifələrini digər peşə sahibləri icra edir. Bu problemin aradan qaldırılması üçün İ. Əliyev Səhiyyə Nazirliyinə həmin şəxslərin xüsusi treninqlərə cəlb edilməsi barədə göstəriş hazırlandığını deyib. Qabaqlayıcı-profilaktik tədbirlərin həyata keçirilməsi məqsədilə tədris proqramlarına narkomaniya ilə mübarizəyə dair mövzuların daxil edilməsi üçün Təhsil Nazirliyinə də müraciət olunacaq. Konfransda Təhsil, Səhiyyə, Daxili İşlər, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələri də iştirak ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR