Ombudsman ermənilərin əsir götürdüyü əsgərlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb

Ombudsman ermənilərin əsir götürdüyü əsgərlə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
# 20 dekabr 2006 15:38 (UTC +04:00)
İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edən, Komitənin müdafiə proqramının koordinatoru xanım Susana Lopezlə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə müvəkkil Ermənistanın işğalı altında olan ərazilərə azaraq keçən Azərbaycan Milli Ordusunun əsgəri Vüsal Qaracayevin erməni hərbi qüvvələri tərəfindən əsir götürülməsinin onun ailəsinin və cəmiyyətin böyük narahatlığına səbəb olduğunu qeyd edib. Ombudsman BQXK-nın səlahiyyətlərindən istifadə edərək Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürülmüş azərbaycanlı əsgərin saxlanılma şəraitinin nəzarətə götürülməsini, onun tezliklə azad olunması üçün təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini xahiş edib. S. Lopez azərbaycanlı hərbi əsirə BQXK nümayəndələrinin beş dəfə baş çəkdiklərini, BQXK tərəfindən onun ailə üzvləri ilə məktublaşmasına şərait yaratdığını və vəziyyətin komitənin nəzarəti altında olduğunu diqqətə çatdırıb. Müvəkkil əsgər V. Qaracayevin mümkün qədər qısa müddət ərzində Azərbaycan tərəfinə qaytarılmasında yardımçı olması və əsirlikdə saxlandığı müddətdə onun zorakılığa məruz qalmamasının təmin edilməsi ilə bağlı BQXK-nın prezidenti Yakob Kellenbergerə ünvanladığı məktubu S. Lopezə təqdim edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR