Tanınmış həkimlərdən ibarət 12 nəfərlik konsilium heyəti Fərhad Əliyevin sağlam olduğunu müəyyənləşdirib

Tanınmış həkimlərdən ibarət 12 nəfərlik konsilium heyəti Fərhad Əliyevin sağlam olduğunu müəyyənləşdirib
# 20 dekabr 2006 16:09 (UTC +04:00)
“Cəmil Həsənli millət vəkilidir, tarixçidir, lakin onun Fərhad Əliyevin səhhəti ilə bağlı məsələlərdə nümayiş etdirdiyi mövqe düzgün deyil. Yaxşı olardı ki, bir millət vəkili kimi Cəmil Həsənli özü üçün əvvəlcə müəyyən araşdırma aparsın, bu məsələlərin mahiyyətini dərindən çözələsin. Amma bunun əksinə olaraq, o, tələskənliyə yol verərək, qeyri-obyektiv fikirlərlə mətbuatda çıxış edir, ictimaiyyətdə yanlış rəy formalaşdırmağa çalışır ki, bu da qəbul olunası iş deyil”.
Bunu APA-nın hazırda həbsdə olan sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin vəkilləri, o cümlədən Cəmil Həsənlinin onun səhhəti ilə bağlı məsələsini yenidən gündəmə gətirmələri ilə bağlı sualını cavablandıran MTN-nin İctimaiyyətlə Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev deyib. Onun sözlərinə görə, Fərhad Əliyevin sağlamlığı ilə bağlı müxtəlif şaiyələrin, yanlış xəbərlərin yayılmasına baxmayaraq, bir ildən artıqdır ki, onun səhhətində heç bir mənfi dəyişiklik müşahidə olunmayıb: “ Bu məsələnin təzədən əsassız olaraq qabardılması əvvəlki cəhdlərin davamıdır. Digər tərəfdən, Fərhad Əliyevin özünün, ailəsinin və vəkillərinin ən etibar etdiyi, onların öz xahişi ilə dəvət olunan həkimlərin Səhiyyə Nazirliyinin baş kardioloqu, tibb elmləri doktoru Faiq Quliyevin, tanınmış kardioloq Abbasəli Abbasəliyevin müayinədən sonra gəldikləri yekun nəticə ondan ibarətdir ki, Fərhad Əliyevin 2003-cü ildəki vəziyyəti ilə indiki durumu arasında mənfi istiqamətdə hansısa dəyişikliyin olması müəyyən edilməyib. Hətta, bir daha təkrar edirəm, Fərhad Əliyevin ən etibar etdiyi həkim Abbasəli Abbasəliyevin onu müayinəsindən sonra verdiyi rəydə bildirmişdi ki, Fərhad Əliyevin ümumi vəziyyəti olduqca yaxşıdır, ümumi əhval-ruhiyyəsi yüksəkdir və sonda da qeyd etmişdi ki, aparılan müayinə zamanı heç bir yeni patalogiya aşkar olunmayıb. Bundan başqa, F.Əliyevin vəkilləri Respublika Baş Prokurorluğuna onun müvafiq müalicə müəssisəsinə köçürülmək istəyi ilə əlaqədar müraciət ediblər. Respublika Baş Prokurorluğundan da bizə F.Əliyevin həmin müəssisəyə köçürülməsinə zərurətin olub-olmamasının araşdırılması barədə müvafiq müraciət daxil olub. Bununla bağlı, dəfələrlə, o cümlədən keçirilmiş 4 müayinənin, 2 ekspertizanın F.Əliyevin səhhətinin normal olduğu barədə nəticələrinə baxmayaraq, nazirliyin rəhbərliyi tərəfindən, yenidən bir daha bu ayın 16-da tibbi müayinənin təşkil olunması üçün şərait yaradıldı. “Sağlamlıq” məsələsinin gündəmdə saxlanılması cəhdlərinin məqsədləri bəlli olduğundan, hətta səhhət durumuna hansısa digər mümkün xəstəliklərin təsir edə biləcəyi amillərinin də müəyyənləşdirilməsi üçün daha geniş tərkibdə mütəxəssis komissiyası təşkil etdik. Bu müayinə üçün Azərbaycanın səhiyyə sahəsində ən tanınmış və beynəlxalq tibb aləmində nüfuzu olan mütəxəssilərdən ibarət 12 nəfərlik konsilium çağırıldı.
Həmin tanınmış həkimlər - Səhiyyə Nazirliyinin Baş anestezoloq-reanimatoloqu, ATU-nun I daxili xəstəliklər kafedrasının müdiri tibb elmləri doktoru, professor, əməkdar elm xadimi A.Axunbəyli, ATU-nun daxili xəstəliklər kafedrasının professoru, tibb elmləri doktoru S.Tağıyeva, Elmi Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutunun professoru, tibb elmləri doktoru R.Rüstəmov, Səhiyyə Nazirliyinin Baş ftizio-pulmonoloqu, Ə.Əliyev adına Həkimlərin Təkmilləşdirilmə İnstitutunun ftizio-pulmonologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor E.Məmmədbəyov, ATU-nun LOR xəstəlikləri kafedrasının dosenti, tibb elmləri doktoru A.Xudiyev, ATU-nun travmotologiya və ortopediya kafedrasının müdiri, tibb elmləri doktoru Ə.Əhmədzadə, Ə.Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nefrologiya kafedrasının müdiri, tibb elmləri doktoru F. Sərdarlı, ATU-nun Sinir xəstəlikləri kafedrasının dosenti, tibb elmləri namizədi F. Məmmədbəyov, Respublika Dəri-Zöhrəvi Dispanserinin baş həkimi, tibb elmləri namizədi R. İsmayılov , Klinik Tibbi Mərkəzin infenksion xəstəliklər şöbəsinin müdiri K. Nəsibov və MTN Hərbi Tibb İdarəsinin iki aparıcı həkimindən ibarət mütəxəssis komissiyasının Fərhad Əliyevi yenidən hərtərəfli, yəni intsrumental və laborator müayinədən keçirdikdən sonra gəldiyi nəticə bir daha ondan ibarət oldu ki, Əliyev Fərhad Şövlət oğlu hal-hazırda praktiki sağlamdır. Onun hərdən ambulator müalicəyə ehtiyacı olduğu təqdirdə isə tərəfimizdən bütün lazımi tədbirlər görülür”. A. Babayev Fərhad Əliyevin Hüquqlarını Müdafiə Komitəsinin sədri Cəmil Həsənlinin mətbuata açıqlamasında MTN-in peşəkarlığına şübhə ilə yanaşmasına da münasibət bildirib. Cəmil Həsənlinin millət vəkili, professor olduğunu xatırladan A. Babayev onun bəzi fikirlərinin tutduğu mövqeyə yaraşmadığını qeyd edib: “MTN-in peşəkarlığı haqqında Cəmil Həsənlinin söylədikləri subyektiv mülahizələridir və onlar bizim üçün heç bir əhəmiyyət kəsb etmir. Bu gün milli təhlükəsizlik orqanlarının peşakarlığı barədə bizim üçün ən önəmlisi Azərbaycanın Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin, ölkəmizin ziyalılarının, ümumilikdə Azərbaycan xalqının fikirləridir. Ölkənin milli maraqlarının, mənafelərinin qorunmasında vəzifələrinin öhdəsindən şərəflə gələn milli təhlükəsizlik orqanlarına cəmiyyətin inamı, etibarı, rəğbəti bu gün göz qabağındadır. Bunun yanında Cəmil Həsənli və onun kimilərinin sözləri boş bir şeydir. Cəmil Həsənliyə məsləhət görərdim ki, qəzetlərdə mahiyyətini dərindən dərk etmədiyi, bilmədiyi, məlumatı olmadığı məsələlər haqqında fikir yürütməkdənsə, getsin ona etimad göstərib onu deputat seçən 18 saylı Nərimanov-Nizami seçki dairəsinin camaatının, insanlarının problemlərinin həlli ilə məşğul olsun. Bu bir daha onu göstərir ki, vətəndaşların Cəmil Həsənliyə etibar edib, verdiyi imtiyazları o, seçiciləri üçün deyil, yalnız öz məqsədlərinin, problemlərinin həlli üçün istifadə edir”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR