BQXK-nin Dağlıq Qarabağ nümayəndəliyinin rəhbəri: “Azərbaycanlı əsir qayıtmaq istəsə və tərəflər razılığa gəlsələr, biz onun təhvil verilməsinə texniki yardım göstərə bilərik”

BQXK-nin Dağlıq Qarabağ nümayəndəliyinin rəhbəri: “Azərbaycanlı əsir qayıtmaq istəsə və tərəflər razılığa gəlsələr, biz onun təhvil verilməsinə texniki yardım göstərə bilərik”
# 21 dekabr 2006 09:16 (UTC +04:00)
“Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndində yerləşən ofisi əsirin qaytarılması istiqamətində maraqlı tərəflərin əlaqələrini dəstəkləyir”. APA-nın məlumatına görə, bunu Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Dağlıq Qarabağ nümayəndəliyinin rəhbəri Corc Drndarski ermənilərin dekabrın 7-də əsir götürdükləri Azərbaycan ordusunun əsgəri Vüsal Qaracayevlə bağlı məsələyə münasibət bildirərkən deyib. C. Drndarski bildirib ki, dekabrın 8-də nümayəndəliyə azərbaycanlı hərbçinin əsir götürülməsi barədə məlumat daxil olub. Onun sözlərinə görə, nümayəndəliyin təmsilçiləri ilk dəfə dekabrın 9-da əsirə baş çəkiblər. İndiyədək BQXK-nin nümayəndələri V. Qaracayevlə beş dəfə görüşüblər və bu görüşlərdə ona ailəsi ilə məktub vasitəsilə əlaqə saxlamaq imkanı verilib. C. Drndarskinin sözlərinə görə, V. Qaracayevin ailəsinə göndərdiyi 4 məktub valideynlərinə çatdırılıb, ailəsinin göndərdiyi 3 məktub isə əsirə verilib: “Bütün məlumatlar gizli saxlanılır. Əgər tərəflər onu azad etmək və qəbul etmək barədə razılığa gəlsələr, əsirin özü qayıtmaq istədiyini bildirsə, komitə neytral vasitəçilik missiyasını yerinə yetirərək onun təhvil verilməsinə texniki yardım göstərə bilər”. BQXK-nin Bakı nümayəndəliyindən isə bildirilib ki, ailəsinin göndərdiyi 4-cü məktub yaxın günlərdə azərbaycanlı hərbçiyə çatdırılacaq. Qeyd edək ki, Balakən rayon Hərbi Komissarlığından bu il hərbi xidmətə çağırılmış 1988-ci il təvəllüdlü Vüsal Məhəmməd oğlu Qaracayev dekabrın 7-də Ağdam ərazisində əsir götürülüb. Rəsmi mənbələr əsgərin azaraq əsir düşdüyünü açıqlayıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR