Gəncədəki hərbi hissədə baş vermiş insident nəticəsində yaralanmış əsgərlərdən biri hələ də komadadır

Gəncədəki hərbi hissədə baş vermiş insident nəticəsində yaralanmış əsgərlərdən biri hələ də komadadır
# 21 dekabr 2006 14:56 (UTC +04:00)
Noyabrın 16-da Müdafiə Nazirliyinin Gəncədəki “N” saylı hərbi hissəsində baş vermiş insident nəticəsində yaralanmış əsgərlərdən biri hələ də komadan ayılmayıb. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yaralı əsgərlərdən biri özünü yaxşı hiss etsə də, digərinin səhhəti ağır olduğundan onun dindirilməsi mümkün deyil. Zərərçəkənlər istintaqa hələlik ifadə vermədiyindən hadisənin səbəblərini, cinayətin motivini müəyyənləşdirmək mümkün olmayıb. Qeyd edək ki, Şəki şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılan əsgər Fuad Şamil oğlu Həsənov noyabrın 16-da AK-74 markalı avtomatla 4 əsgəri güllələyib və hərbi hissəni tərk edib. Yaralanmış əsgərlər - Ceyhun Mikayılov (Sumqayıt şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb), Elçin Məmmədov, Vüqar Məmmədov (Bakıdan hərbi xidmətə çağırılıblar) və Vüsal Seyidov (Ağdam Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb) Gəncə şəhər Hərbi Hospitalına yerləşdirilib. C. Mikayılov aldığı xəsarətdən hospitalda keçinib. F. Həsənov isə hadisədən üç saat sonra qohumlarının evində saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adamöldürmə) maddələri ilə başlanmış cinayət işi Gəncə şəhər Hərbi Prokurorluğundan alınaraq Respublika Hərbi Prokurorluğuna verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR