Ali Məhkəməsinin növbəti Plenumu keçirilib

Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
# 22 dekabr 2006 13:56 (UTC +04:00)
Bu gün Ramiz Rzayevin sədrliyi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib. Ali Məhkəmədən APA-ya verilən məlumata görə, Ali Məhkəmənin sədri çıxışında son illər ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən məhkəmə-hüquq sahəsində aparılan məqsədyönlü islahatlardan, Azərbaycan Respublikası Prezidentinin məhkəmə sisteminin müasirləşdirilməsi və hakimlərin sayının artırılması barədə 2006-cı ilin 19 yanvar və 17 avqust tarixlərində imzaladığı fərmanların əhəmiyyətindən, həmçinin ölkəmizdə ədalət mühakiməsini həyata keçirərkən qanunun aliliyini təmin etmək məqsədilə məhkəmələrin qarşısında duan vəzifələrdən danışıb.
Plenumda Bakı şəhərinin Səbayel və Xətai rayon məhkəmələrinin sədrlərinin 2005-ci ildə məhkəmədə ədalət mühakiməsinin həyata keçirilməsi vəziyyətinə dair məlumatları dinlənilib. Sonra məlumatlar ətrafında müzakirələr aparılıb. Çıxış edənlər bildiriblər ki, Səbayel və Xətai rayon məhkəmələrində ədalət mühakiməsi həyata keçirilərkən qanunvericiliyin tələblərinə əsasən düzgün əməl olunub. Bununla yanaşı, qeyd edilib ki, bəzi işlər üzrə yekun məhkəmə aktlarının ləğv edilməsinə və dəyişdirilməsinə səbəb olan maddi və prosessual hüquq normaları pozulub və ya düzgün tətbiq olunmayıb, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmayan cəzalar təyin edilib.
Plenumda Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər verilməsi haqqında məsələ müzakirə olunub.
Plenum bir neçə konkret mülki işlərə baxıb və müvafiq qərarlar qəbul edib.
Plenumun işində ədliyyə naziri Fikrət Məmmədov, baş prokuror Zakir Qaralov və Prezidentin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov iştirak ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR