Qarabağ əlilinin ölümündə təqsirləndirilən polis əməkdaşlarının məhkəməsi başlayıb

Qarabağ əlilinin ölümündə təqsirləndirilən polis əməkdaşlarının məhkəməsi başlayıb
# 29 yanvar 2007 15:14 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Nüşabə Ağayevanın sədrliyi ilə Qarabağ müharibəsi iştirakçısı Rasim Əlişovun ölümündə təqsirli bilinən Mingəçevir şəhər Polis Şöbəsinin 4 əməkdaşı barəsindəki cinayət işi üzrə məhkəmə istintaqı başlayıb. APA-nın məlumatına görə, prosesdə dövlət ittihamçısı Nəriman Ələkbərov ittiham aktını elan edib. İttiham aktında bildirilir ki, Mingəçevir şəhərinin Tərəvəzçilik sovxozu ərazisində yaşayan Qarabağ əlili R. Əlişov ötən il iyulun 24-də qaramal oğurluğu ilə əlaqədar şəhər Polis Şöbəsinin inzibati binasına gətirilib. Burada cinayəti tam etiraf etmədiyinə görə R. Əlişovu xüsusi amansızlıqla döyüblər və o, şöbənin Cinayət-axtarış bölməsinin rəisi İlqar Abbasovun xidməti otağında ölüb. Məsul növbətçi Zahid Mustafayev bu barədə şəhər Təcili Təxirəsalınmaz Tibb Yardım Stansiyasına məlumat verib. Stansiyanın həkimi Rəhim Quliyev şöbəyə gələrək R. Əlişovun ölümünü təsdiq edib. Bundan sonra Polis Şöbəsinin əməkdaşları R. Əlişovun meyitini prokurorluq əməkdaşlarının hadisə yerinə gəlməsini gözləmədən xəstəxananın meyitxanasına aparıblar.
Təqsirləndirilən şəxs qismində məhkəmədə sərbəst ifadə verən İ. Abbasov ona qarşı elan olunan ittihamlarla özünü qismən təqsirli bilib. O, R. Əlişovun yalnız ayaqlarının altına və əllərinin içərisinə zərbələr endirdiyini söyləyib. Daha sonra məhkəmədə digər təqsirləndirilən şəxslər - Mingəçevir Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Elçin Musayev, polis nəfərləri Ramiz Murquzov və Anar Həsənov sərbəst ifadə veriblər. Məhkəmə prosesi fevralın 5-də davam etdiriləcək.
Qeyd edək ki, bu cinayət işi üzrə İlqar Abbasov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərbə vurma) və 309-cu (vəzifə səlahiyyətlərini aşma), Elçin Musayev, Ramiz Murquzov və Anar Həsənov isə 309-cu maddəsi ilə ittiham olunurlar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR