Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Arazın normadan artıq çirklənməyə məruz qaldığını müəyyən edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Arazın normadan artıq çirklənməyə məruz qaldığını müəyyən edib
# 09 fevral 2007 16:11 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) apardığı monitorinq zamanı Kür və Araz çaylarının normadan artıq çirklənməyə məruz qaldığını müəyyən edib. Bu barədə APA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib. Monitorinq zamanı bəlli olub ki, Gürcüstanla sərhəddə yerləşən “Şıxlı-2” monitorinq məntəqəsində Kürün suyunun tərkibində fenolların miqdarı sanitar normadan 8-12, metalların miqdarı 8-14, neft məhsullarının miqdarı 2-3, sulfatların miqdarı isə 2 dəfəyə qədər yüksəkdir. Bu ilin yanvar ayının monitorinqinin nəticələri göstərir ki, suda fenolların miqdarı yol verilən qatılıq həddindən 3, mis birləşmələri 5,5, neft məhsulları isə 1,5 dəfə artıqdır. Çayın Gürcüstan sərhədindən Mingəçevir su anbarına kimi axımında mütəşəkkil çirkləndirici mənbələrin olmaması və çayda gedən təbii özünütəmizləmə prosesləri (çökmə) nəticəsində suyun tərkibindəki çirkləndirici maddələrin qatılığı 30-55%-ə qədər azalır, lakın onların miqdarı yenə normadan 1-5 dəfə yüksək olaraq qalır. Arazın Kürlə qovuşan hissəsində (Surra məntəqəsi) Kürün suyunun minerallaşması 800-1200 mq/l qədər yüksəlib, bu da Kürün yuxarı axımı ilə müqayisədə iki dəfə, orta axımı ilə müqayisədə 35-50% çoxdur. Çayın bu hissəsində çirkləndirici maddələrin, o cümlədən metalların qatılığı sanitar normadan 9, fenolların qatılığı 6, neft məhsulları və sulfatların qatılığı 2-3 dəfə yüksəkdir. Araz çayında isə nisbi yüksək çirklənmə halı qeydə alınıb. Çayda fenolların miqdarı yol verilən qatılıq həddindən 4, mis birləşmələri 6, neft məhsulları isə 1,5 dəfə artıqdır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR