Lənkəran şəhərindəki su quyuları təhlükə mənbəyinə çevrilib

Lənkəran şəhərindəki su quyuları təhlükə mənbəyinə çevrilib
# 10 fevral 2007 09:40 (UTC +04:00)
Lənkəran şəhərindəki çoxmərtəbəli yaşayış binalarının və ayrı-ayrı fərdi evlərin həyətlərində qazılan su quyuları təhlükə mənbəyinə çevrilib. APA-nın cənub bürosunun məlumatına görə, bu quyular gələcəkdə həmin evlərin özülünün zəiflənməsinə gətirib çıxara bilər. Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) aparatının tikinti və memarlıq şöbəsinin müdiri, şəhərin baş memarı Cahid Həsənovun sözlərinə görə, təhlükənin qarşısının alınmasının əsas yolu həmin binalara su xəttinin çəkilməsidir. C. Həsənov bildirib ki, “Regionların sosial-iqtisadi inkişafı” Dövlət Proqramında Lənkəran şəhərinin su şəbəkəsinin və kanalizasiya sisteminin yenidən qurulması öz əskini tapıb. Lənkəran rayon su-kanal idarəsinin rəisi Məhərrəm Məmmədov isə APA-nın cənub bürosuna bildirib ki, Dövlət Proqramına əsasən Xanbulançay su dəryaçasından Lənkəran şəhərinə 15,5 kilometr uzunluğunda özüaxımlı su xəttinin çəkilişi nəzərdə tutulub. M.Məmmədovun sözlərinə görə, bu işin icrasına başlanıb və indiyədək 3 km məsafədə su kəməri çəkilib. Cari ilin sonu üçün başa çatacaq bu layihə çərçivəsində həmçinin şəhər suötürücü nasos stansiyasında 2 ədəd irihəcmli 2 min kubmetrlik su çənlərinin tikilməsi də reallaşacaq. Hələlik şəhər əhalisinin cəmi 15-20 faizi su-kanal idarəsinin xidmətindən istifadə edir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR