ARDNŞ yeni qaz kəmərinin inşasına başlayıb

ARDNŞ yeni qaz kəmərinin inşasına başlayıb
# 12 fevral 2007 16:24 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yeni qaz kəmərinin inşasına başlayıb. ARDNŞ-dan APA-ya verilən məlumata görə, 19 km uzunluğunda olan 20 düymlük qaz kəməri Günəşli yatağındakı 4 nömrəli platformadan Neft Daşlarındakı 2 nömrəli Sıxıcı Kompressor Stansiyasına alçaqtəzyiqli qazın ötürülməsi üçün nəzərdə tutulub. Bu gün “İsrafil Hüseynov” borudüzən gəmi vasitəsilə artıq 8 km uzunluğunda sualtı boru kəmərinin düzülməsinə nail olunub. Fevralın 23-nə kimi boru xəttinin inşasının başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, “İsrafil Hüseynov” borudüzən gəmisi ARDNŞ-nin sərəncamında olan yeni nəsil gəmilərdəndir. Gəmi bu ilin yanvarında Günəşli yatağındakı 14 nömrəli platforma ilə Neft Daşlarını birləşdirən 25 km-lik 20 düymlük yüksəktəzyiqli qaz kəməri xəttinin çəkilişini də başa çatdırıb. Hazırda burada dayaqların qaldırılması və sualtı bərkitmə işləri aparılır. Hər iki qaz kəmərinin eyni vaxtda təhvil verilməsi gözlənilir. Xatırladaq ki, qaz kəmərlərinin inşası ARDNŞ ilə ABŞ-ın “McDermott” şirkəti arasında imzalanan saziş əsasında həyata keçirilir. Bu kəmərlərin sifarişçisi “28 May” adına NQÇİ, podratçısı isə “Xəzərdənizneftqaztikinti” Trestidir. Layihə sənədləri “Dənizneftqazlayihə” DETLİ tərəfindən hazırlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR