Gəncədə narkoman gənclərin sayı artıb

Gəncədə narkoman gənclərin sayı artıb
# 23 fevral 2007 08:41 (UTC +04:00)
Ötən il Gəncədə narkoman gənclərin sayı artıb. Bu barədə APA-nın qərb bürosuna Gəncə Şəhər Gənclər və İdman İdarəsinin rəisi Möhsün Hüseynov məlumat verib. Onun sözlərinə görə, narkoloji dispanserə müraciət edənlərin sayının çox olmasına baxmayaraq, faktiki rəqəmlər bu sahədə mübarizə tədbirlərinin gücləndirilməsinə ehtiyac yaradıb. M. Hüseynov təəssüflə qeyd edib ki, 2006-cı ildə Gəncədə narkomaniyaya qurşanan gənclərin sayının artması onlar arasında maarifləndirilmə işlərinin gücləndirilməsini zəruri edir. Dünən “Gənclər narkomaniyaya “YOX” deyir” devizi altında keçirilən tədbir də bu silsilədən olub. Tədbirdə şəhərin ali təhsil müəssisələrinin tələbələri, gənclər təşkilatlarının üzvləri, QHT nümayəndələri, Polis İdarəsinin narkomaniya şöbəsinin rəisi, Qərb Regional Narkomaniya ilə Mübarizə İdarəsinin əməkdaşları, narkoloji dispanserin baş həkimi və başqaları iştirak edib. Çıxış edənlər narkomaniyanın yayılma yolları barədə danışıb, bu dəhşətli bəla ilə mübarizə üsullarını müzakirə ediblər. Sonda qərara alınıb ki, bundan sonra mütəmadi olaraq ali məktəblərdə, gənclər təşkilatlarında və digər yerlərdə maarifləndirici xarakterli tədbirlər təşkil olunacaq, aidiyyəti orqanların əməkdaşları gənclərə narkomaniya və onunla mübarizə tədbirləri haqqında məlumat verəcəklər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR