Müdafiə Nazirliyinin mühafizə briqadasının sabiq komandir müavini Rasim Muradovun hüquqlarının pozulması ilə əlaqədar mətbuat konfransı keçirilib

Müdafiə Nazirliyinin mühafizə briqadasının sabiq komandir müavini Rasim Muradovun hüquqlarının pozulması ilə əlaqədar mətbuat konfransı keçirilib
# 28 mart 2007 14:00 (UTC +04:00)
Müdafiə Nazirliyinin mühafizə briqadasının sabiq komandir müavini, polkovnik-leytenant Rasim Muradovun hüquqlarının pozulması ilə bağlı Silahlı Qüvvələrə Demokratik Vətəndaş Nəzarəti Azərbaycan Mərkəzinin direktoru Ələkbər Məmmədov mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, Ə. Məmmədov bildirib ki, bu yaxınlarda Bakıda olan R. Muradov MTN-ə və Respublikanın Hərbi Prokurorluğuna çağırılıb və burada o, mühafizə briqadasında baş verənlər haqda ətraflı məlumat verib. Ə. Məmmədov R. Muradovun tərxis olunması ilə bağlı da hüquqlarının pozulduğunu qeyd edib. Ə. Məmmədovun sözlərinə görə, R. Muradov tərxis olunmaqla bağlı tələbləri yerinə yetirilmədiyi təqdirdə Avropa Şurasına, ATƏT-ə və Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinə müraciət edəcəyini də nəzərdə tutub. Telefon vasitəsilə xidmət etdiyi Naxçıvandakı “N” saylı hərbi hissədən mətbuat konfransına qoşulan R. Muradov bu gündən aclıq aksiyasına başladığını deyib: “Dəfələrlə müraciət etsəm də, tərxis olunmağımla bağlı hüquqlarım pozulur. Bu səbəbdən də aclıq aksiyasına başlamağımla əlaqədar komandanlığa məlumat vermək fikrində deyiləm”. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Ramiz Məlikov isə APA-ya bildirib ki, R. Muradov polkovnik-leytenantdır və tərxis olunmağın yollarını bilir. O, R. Muradovun Müdafiə Nazirliyinin ünvanına söylədiyi ittihamları da əsassız sayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR