“Vətəndaş cəmiyyətinin problemləri, həlli və perspektivləri” mövzusunda toplantı keçirilib

“Vətəndaş cəmiyyətinin problemləri, həlli və perspektivləri” mövzusunda toplantı keçirilib
# 16 may 2007 14:24 (UTC +04:00)
Vətəndaş Cəmiyyəti Koalisiyasının (VCK) təşəbbüsü ilə “Vətəndaş cəmiyyətinin problemləri, həlli və perspektivləri” mövzusunda toplantı keçirilib. APA-nın məlumatına görə, VCK Koordinasiya Şurasının sədri Razi Nurullayev QHT problemlərin aradan qaldırılması yollarından danışıb. VCK Koordinasiya Şurasının üzvü Himayət Rizvanqızı Azərbaycanda QHT sektorundakı vəziyyət haqda məlumat verib. Onun sözlərinə görə, ölkədə 5-6 min QHT olsa da, bunlardan 3 mini dövlət tərəfindən qeydə alınıb. 903 QHT-nin isə hazırda fəaliyyət göstərdiyi təsdiq olunub. H. Rizvanqızı QHT-dövlət münasibətlərinin hələ də yetərincə olmadığını söyləyib: “QHT-dövlət əməkdaşlığı 2003-cü ildən yaranıb. Amma hələ də bəzi məmurlar QHT-lərə qarşı mübarizə aparmaqdan çəkinməyiblər”. QHT-lərin iqtisadi imkanlarının aşağı səviyyədə olduğunu da diqqətə çatdıran H. Rizvanqızı milli donor təşkilatlarının yaranmasının zəruriliyini vurğulayıb: “QHT-lərin əksəriyyətinin pul mənbəyi xarici qrant təşkilatlarıdır. Dövlət bu məsələyə diqqət ayırmalı və milli donorçuluğun inkişafına şərait yaratmalıdır. Bununla yanaşı, Bakıda “QHT Evi”nin yaradılması da bu sektorun inkişafına səbəb ola bilər”. VCK Koordinasiya Şurasının üzvü Yadigar Məmmədli isə media təşkilatlarının vəziyyətinə toxunub: “İlkin baxışdan bu sahədə vəziyyət yaxşı olsa da, prosesin içində olduqda vəziyyətin qeyri-qənaətbəxş olmasını görmək olar”. Y. Məmmədli bu sahədə irəliləyişlərin əldə olunması üçün iqtisadi müstəqilliyin yetərli olduğunu da deyib. Toplantıda çıxış edən digər iştirakçılar da QHT sektorunun inkişafının zəruriliyini vurğulayıblar və dövlətin bu sahəyə diqqətinə ehtiyac olduğunu qeyd ediblər. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR