Talış meşələrində yanğın baş verib

Talış meşələrində yanğın baş verib
# 13 avqust 2007 08:27 (UTC +04:00)
Avqustun 12-də saat 16.00 radələrində Lənkəran rayonunun Rvo ərazi icra vahidliyinə daxil olan Əşlə kəndinin Seyfidor meşə zolağında yanğın baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Lənkəran rayon Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını göndərilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 1 saylı ərazi şöbəsi və Lənkəran rayon Meşə Mühafizəsi və Bərpası Müəssisəsi əməkdaşlarının, həmçinin yerli sakinlərin fəallığı sayəsində yanğının ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Əraziyə texnika çıxarmaq mümkün olmadığı üçün yanğının söndürülmə prosesi axşam saatlarına kimi davam edib. Yalnız gecə saat 24.00 radələrində alovun qarşısı tam alınıb. Yanğın təqribən 1 hektar ərazini əhatə edib. 1 saylı ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin rəisi Vaqif Cəfərov bildirib ki, hadisənin sakinlərinin səhlənkarlığı üzündən baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, yanğın çox güman ki, ərazidə istirahət edən və ya mal-qara otaranların oddan istifadə qaydalarına düzgün riayət etməməsi nəticəsində başlayıb. Havanın küləkli olması alovun güclənməsinə şərait yaradıb. Hadisə zamanı yalnız ərazidəki qurumuş böyürtkən kolları yanıb. Əsasən palıd, vələs və fısdıq ağaclarının olduğu meşə zolağındakı ağaclara zərər dəyməsə də, bəzilərinin yarpaqlarında saralma müşahidə olunur.
Qeyd edək ki, yay fəsli daxil olandan indiyədək bu, Talış meşələrində baş verən ilk yanğın hadisəsidir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR