“ABŞ-ın Azərbaycandakı əsas məqsədi iqtisadiyyatı və demokratiyanı gücləndirməkdir”

“ABŞ-ın Azərbaycandakı əsas məqsədi iqtisadiyyatı və demokratiyanı gücləndirməkdir”
# 13 avqust 2007 12:31 (UTC +04:00)
- Azərbaycanla ABŞ arasında ikitərəfli iqtisadi əməkdaşlıq əlaqələrinin tarixi və hazırkı vəziyyəti haqqında danışmağınızı istərdik.

- Məlum olduğu kimi, ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) Azərbaycanda humanitar yardıma 1992-ci ildən başlayıb. Həmin dövrdə USAİD fəaliyyətini məcburi köçkünlərə humanitar yardımın göstərilməsi ilə başlayıb. ABŞ-la Azərbaycan arasında 2000-ci ilin may ayında imzalanan ikitərəfli müqaviləyə əsasən, ictimai-iqtisadi layihələrə yardım strategiyasının genişləndirilməsi nəzərdə tutulub. Nətiəcədə, 2002-ci ildən başlayaraq USAİD-in Azərbaycandakı fəaliyyətinin istiqaməti humanitar inkişaf layihələrindən iqtisadi-inkişaf layihələrinə doğru dəyişib. Həmin dövrdə, daha dəqiq isə 2005-ci ildə USAİD-in Azərbaycana illik maliyyə yardımı özünün pik zirvəsinə çatıb və 32 mln. dollar təşkil edib. Bildirmək istərdim ki, ümumiyyətlə ABŞ hökumətinin Azərbaycana göstərdiyi yardımın çeşidi yalnız USAİD-in xətti ilə məhdudlaşmır. Bundan başqa ABŞ-ın Azərbaycandakı səfirliyinin nəzdində ticarət, kənd təsərrüfatı, hərbi sahə üzrə yardım layihələri, o cümlədən səfirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin kiçik qrantlar üzrə xüsusi proqramları mövcuddur. Müqayisə üçün qeyd edim ki, ABŞ-ın Azərbaycana göstərdiyi yardım layihələrinin 25-30%-i USAİD-in payına düşüb və təşkilat ölkədə fəaliyyət göstərdiyi dövr ərzində ümumilikdə 284 mln. dollar həcmində maliyyə vəsaiti ayırıb. USAİD tərəfindən Azərbaycana ayrılan maliyyə vəsaitinin illik həcminin azalmasının ABŞ və Azərbaycan arasındakı ikitərəfli münasibətlərə heç bir təsiri olmayıb. Ümumiyyətlə, ABŞ Azərbaycanı mühüm strateji tərəfdaş kimi qiymətləndirir. Ölkələrimiz arasındakı əlaqələr təkcə qlobal miqyasda terrorizmə qarşı mübarizə ilə deyil, həm də iqtisadi inkişafı da əhatə edir. ABŞ-ın əsas məqsədi Azərbaycanı bazar iqtisadiyyatı şəraitində iqtisadi inkişaf fəaliyyətinə görə yüksəltmək, güclü demokratiya yaratmaq, demokratik qurumların fəaliyyətini daha da gücləndirilməsindən ibarətdir. Fikrimcə, hazırda hər iki dövlət arasındakı iqtisadi və siyasi münasibətlərin inkişaf tempi çox yüksək səviyyədədir.

- USAİD Azərbaycanda hansı layihələri həyata keçirir?

- Xatırladım ki, cari ilin fevral ayında ABŞ-Azərbaycan iqtisadi tərəfdaşlıq komissiyasının ilk iclası keçirilib və Azərbaycanla ABŞ arasında 5 anlaşma memorandumu imzalanıb. Memorandumlara əsasən, Azərbaycan Maliyyə Nazirliyi ilə dəyəri 2,2 mln. dolar olan “Xəzinədarlıq üzrə informasiyanın idarəetmə sistemləri Layihəsi”, İqtisadi İnkişaf Nazirliyi ilə “Azərbaycan dövlət investisiya siyasətinin səmərəliliyi Layihəsi” (5,2 mln. dollar), Səhiyyə Nazirliyi ilə “İlkin səhiyyə xidmətləri Layihəsi” (7,5 mln. dollar) və “Təxirəsalınmaz tibbi yardımın inkişafı tə şəbbüsü Layihəsi” (1,1 mln. dollar), Milli Məclis ilə “Parlament Layihəsi”nin (1,2 mln. dollar) icrası planlaşdırılır. Hazırda bu layihələrin bəzilərinin artıq icrasına başlanıb və bu layihələrin maliyyələşdirilməsində Azərbaycan hökuməti də iştirak edir. USAİD digər donor təşkilatlarla birləşərək Azərbaycan hökuməti ilə müştərək şəkildə həmin layihələrin maliyyələşdirilməsi və layihələrin daimiliyini təmin etmək niyyətindədir. Bundan başqa, təşkilat iqtisadi tərəfdaşlıq komissiyası çərçivəsində yaxın gələcəkdə 4 yeni layihənin icrasına başlamaq niyyətindədir. Bu layihələrə “Maliyyə sektorunun tənzimlənməsi islahatları” (dəyəri - 5 mln. dollar), “Maliyyə siyasəti islahatları” (3,2 mln. dollar), “Özəl sektorda rəqabətlilik və biznesin inkişafı” (5 mln. dollar), “Ticarət və sərmayə” (7,4 mln. dollar) layihələri daxildir. Bu layihələr üçün nəzərdə tutulmuş maliyyə vəsaitinin həcmi USAİD tərəfindən hələ tam dəqiqləşdirilməyib və bunların maliyyələşdirilməsində Azərbaycanın da iştirak edəcəyi gözlənilir.

- USAİD-in Azərbaycan üzrə veb-saytının yaradılmasında əsas məqsəd nədən ibarət olub?

- Elektron veb-saytın yaradılması təşəbbüsü USAİD tərəfindən irəli sürülüb və əsas məqsəd ictimai məlumat yayımı sahəsindəki səyləri artırmaq, qeyri-hökumət və hökumət dairələrini daha dəqiq məlumatlandırılmasından ibarətdir. Veb-saytın ikinci əsas məqsədi USAİD-in Azərbaycanda gördüyü işlərin nə qədər şəffaf olmasının ictimaiyyətə nümayiş olunmasıdır.

- Regionlarda layihələrin icrasında kənd icmaları nə dərəcədə fəal iştirak edir?

- Demokratik idarəetmə sahəsindəki layihələrdən biri də “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” və “İcma inkişafı fəaliyyəti” layihələridir ki, bunlar da yerli icmaların inkişafında böyük rola malikdir. Belə ki, “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” və “İcma inkişafı fəaliyyəti” layihələri çərçivəsində əsasən hökumət və yerli icmalarla yüksək səviyyədə əməkdaşlıq olunur. İcmalar üçün prioritet məsələlər müəyyənləşdirildikdən sonra tərtib olunan layihənin maliyyələşməsinə USAİD ilə birlikdə yerli icmalar da öz yardımını göstərir. Eyni zamanda, yerli icra nümayəndəlikləri və bələdiyyələr layihələrin həyata keçirilməsində öz vəsaitlərindən istifadə edir. Layihələr 2005-ci ildən başlayaraq çox mühüm nəticələr əldə edib və icmalar layihələrin icrasında xüsusi rol oynayıb.

- USAİD 2008-ci ildə Azərbaycana hansı həcmdə maliyyə yardımı göstərmək və hansı layihələri həyata keçirmək niyyətindədir?

- USAİD dünyanın 90-a yaxın ölkəsinə humanitar və iqtisadi yardımlar göstərir. Hazırda USAİD-in ümumi büdcəsi üzrə maliyyə vəsaitləri demək olar ki, azalmaqdadır. Azərbaycana ayrılan vəsaitin azalmasının iki əsas səbəbi var ki, bunlardan biri ümumiyyətlə ABŞ-ın maliyyə yardım fondunun bütün dünya üzrə azalması, ikincisi isə həmin fondun imkanlarının əsasən İraq, Əfqanıstan və Pakistan kimi ölkələrdə yenidənqurma işlərinə yönəldilməsi ilə bağlıdır. Azərbaycana gələn il ayrılacaq maliyyə vəsaitinin məbləği hələ təsdiqlənməyib. Xatırlatmaq istərdim ki, 2007-ci il üçün USAİD Azərbaycana 23 mln. dollar həcmində vəsait ayırıb. Bu məbləğ “İqtisadi inkişaf” (10 mln. dollar), “Demokratik idarəetmə” (10 mln. dollar) və “Səhiyyə sahəsi” (3 mln. dollar) layihələrinin icrasına yönəldilib.

- ABŞ-la Azərbaycan arasında mübadilə proqramları çərçivəsində hansı nəticələr əldə olunub?

- Mübadilə proqramlarında əsas məqsəd insan resurslarının bacarığının artırılması, institusional inkişafa əsaslanır. USAİD-in mübadilə proqramları ilə bağlı maliyyələşdirdiyi layihələr çərçivəsində əsasən qeyri-hökumət və hökumət təşkilatlarının təlimləndirilməsi nəzərdə tutulub. Həmçinin, mubadilə proqramları çərçivəsində USAİD-in Azərbaycanda həyata keçirdiyi layihələrdən biri olan və jurnalistikanın inkişafına yönəldilmiş “Mətbuatın inkişafı və söz azadlığı” layihəsini xüsusi qeyd etmək istərdim. Bu layihə yerli mətbuatın gücləndirilməsi, söz azadlığının təmin olunması kimi məqsədlərə xidmət edir.

- Yaxın gələcəkdə USAID-in Azərbaycandakı fəaliyyətinin genişləndirilməsi planlaşdırılırmı?

- Hazırda maddi baxımdan USAİD-in Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərməsi qeyri-mümkündür. Çünki Azərbaycanla ABŞ arasında ikitərəfli əməkdaşlığa əsasən, mövcud rayonların sayını artırmaq üçün Azərbaycanın da maliyyə ehtiyatlarından istifadə etməsi zəruridir. Lakin buna baxmayaraq, dəyəri 6 mln. dollar olan “İcma inkişafı fəaliyyəti Layihəsi” ilə USAİD Azərbaycanın 14 rayonunu əhatə etmək niyyətindədir. Rayonlar Azərbaycanın müxtəlif bölgələrini əhatə etməklə, onların inkişaf səviyyəsinə və müəyyən digər kriteriyalara görə seçilib. /APA-Economics/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR