Elçin Behbudov Əli İnsanov və Müşfiq Hüseynovla görüşüb

Elçin Behbudov Əli İnsanov və Müşfiq Hüseynovla görüşüb
# 14 avqust 2007 13:01 (UTC +04:00)
Bu gün İşgəncələrə Qarşı Komitənin sədri Elçin Behbudov Ədliyyə Nazirliyi yanında İctimai Şuranın koordinatoru Kamil Səlimovla birlikdə Penitensiar Xidmətin Bayılda yerləşən 1 saylı istintaq təcridxanasında monitorinq keçirib. Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, kameralara baxış keçirilib və tövsiyələr Ədliyyə Nazirliyinə çatdırılacaq: “Kameralar isti idi. Məsələ qaldıracağıq ki, ventilyasiya sistemi quraşdırılsın”. Hüquq müdafiəçiləri təcridxanada saxlanılan sabiq səhiyyə naziri Əli İnsanov, “Bizim yol” qəzetinin şöbə redaktoru Müşfiq Hüseynov, Bakı sakinləri Elxan Ələsgərov və Qüdrət Cəfərovla görüşüb. Adıçəkilən şəxslərdən heç biri saxlanma şəraitindən şikayət etməyib. Ə. İnsanov bildirib ki, səhhəti ağır olmasına baxmayaraq, onu Müalicə Müəssisəsinə göndərmirlər. M. Hüseynov isə jurnalist həmkarlarına ismarış göndərib: “Müşfiq Hüseynov dedi ki, jurnalistlər hələ nəticə çıxarmağa çalışmasınlar”. Digər iki nəfər isə polis tərəfindən fiziki təzyiqə məruz qaldığını deyib.
Ə. İnsanovun şikayəti ilə bağlı Penitensiar Xidmətdən APA-ya bildirilib ki, quruma rəsmi şəkildə edilən müraciətlərə etinasız yanaşılmır. Əgər bununla bağı rəsmi şəkildə müraciət edilibsə, qanunvericilikdə nəzərdə tutulan qaydada reaksiya veriləcək. Lazım gəlsə o, MM-ə köçürüləcək, köçürülməsinə ehtiyac olmasa, ambulator şəraitdə müalicə ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR