Ağdamda  itkin düşən 43 yaşlı kişinin minaya düşərək öldüyü məlum olub - YENİLƏNİB - VİDEO

Cəsarət Hətəmxanov

© APA | Cəsarət Hətəmxanov

# 17 iyun 2021 10:27 (UTC +04:00)

Daxili İşlər Nazirliyi (DİN) Ağdamda itkin düşən şəxsin minaya düşərək ölməsi faktı ilə bağlı məlumat yayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, iyunun 8-də Ağdam Rayon Polis Şöbəsinə rayon sakini Cəsarət Hətəmxanovun itkin düşməsi ilə bağlı məlumat daxil olub. Məlumatla əlaqədar Rayon Polis Şöbəsinin və Minatəmizləmə Agentliyinin əməkdaşları tərəfindən birgə axtarış tədbirlərinə başlanılıb. İlkin ehtimallara görə C.Hətəmxanovun mina və partlayıcı maddələrdən təmizlənməmiş ərazilərə keçdiyi müəyyən edilib.

Davam etdirilən axtarış tədbirlərində müasir avadanlıqlardan istifadə olunmuş, məhz dron çəkilişləri vasitəsi ilə iyunun 16-da C.Hətəmxanovun cəsədi rayonun Seyidli kəndi ərazisində aşkar edilib.

Hazırda həmin şəxsin cəsədinin ərazidən götürülməsi istiqamətində Minatəmizləmə Agentliyinin əməkdaşları ilə birgə tədbirlər davam etdirilir.

***

10.04

Ağdamda 10 gündən çoxdur itkin düşən 43 yaşlı kişinin minaya düşdüyü məlum olub.

APA-nın Qarabağ bürosunun məlumatına görə, itkin düşən Ağdam rayon sakini Cəsarət Hətəmxanov Ağdamın işğaldan azad olunan Seyidli kəndi ərazisində minaya düşərək həlak olub. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları C. Hətəmxanovun meyitini ərazidən götürmək üçün tədbilər həyata keçirir.

Qeyd edək ki, Ağdamın Seyidli kənd sakini C.Hətəmxanov Quzanlı qəsəbəsində məzar daşlarının bərpası sexində sürücü işləyib. İşlədiyi məzar daşlarının bərpası sexindən növbəti qəbir daşını düzəltmək üçün gedib və geri qayıtmayıb. Bir müddət sonra isə o yaxınları əlaqə saxlayaraq Seyidlidə olduğunu bildirib. Ondan sonra isə C. Hətəmxanovla əlaqə itib.
Faktla bağlı Ağdam Rayon Polis Şöbəsinə məlumat verilib. ANAMA, DİN və Müdafiə Nazirliyinin əməkdaşları işğaldan azad olunan ərazilərdə onun axtarışına cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR