Azyaşlı övladını dilənməyə məcbur edən ata-ananın valideynlik hüququ məhdudlaşdırıla bilər - RƏSMİ

Baş Prokurorluq

© APA | Baş Prokurorluq

# 16 iyul 2021 17:04 (UTC +04:00)

Bəzi kütləvi informasiya vasitələri və sosial media səhifələrində Suraxanı rayonunda Qaraçuxur məscidinin qarşısında iki yaşlı uşağın valideynləri tərəfindən diləndirilməsi barədə məlumatlar yayılıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qeyd edilənlərlə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində (CTKİ) araşdırma aparılaraq Suraxanı rayonu ərazisində yaşayan QİÇS və narkomaniya xəstəliklərindən əziyyət çəkən Arzu Mehdiyeva ilə Valeh Balacayevin faktiki nikahından doğulmuş 2019-cu il təvəllüdlü qızlarının həyatı üçün təhlükənin olması müəyyən edilib.

Bundan başqa, CTKİ-də daha iki azyaşlı uşağın Nərimanov rayonu ərazisində diləndirilməsi və antisanitar şəraitdə yaşaması ilə bağlı daxil olmuş məlumat əsasında araşdırma aparılıb.

Yoxlama zamanı valideynləri narkotik vasitələrin istifadəçisi olan iki azyaşlı uşağın küçələrdə dilənməyə sövq edilməsi, həmçinin baxımsız, antisanitar və sosial təhlükədə saxlanılması müəyyən edilib.

Mülki-prosessual və ailə qanunvericiliyinin tələblərinə müvafiq olaraq qeyd edilən hər iki halda Baş Prokurorluq tərəfindən azyaşlı uşaqların gələcək təhlükəsizliyini təmin etmək məqsədi ilə onların valideynlərinin valideynlik hüquqlarının məhdudlaşdırılması barədə müvafiq rayon məhkəmələri qarşısında mülki iddialar qaldırılıb.

Nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR