Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının məhkəməsi başlayıb

Bakı Baş Gömrük İdarəsinin həbs edilən əməkdaşlarının məhkəməsi başlayıb
# 26 avqust 2021 17:41 (UTC +04:00)

Baş Prokurorluq tərəfindən Bakı Baş Gömrük İdarəsində keçirilən əməliyyat zamanı saxlanılan şəxslərin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib.

İclasda bildirilib ki, Baş Gömrük İdarəsində keçirilən birinci əməliyyatdan bir gün sonra daha bir əməliyyat keçirilib, həmin əməliyyat zamanı idarə əməkdaşları Sadiq İsgəndərov və Azər Baxşyev də saxlanılaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Prosesin davamında təqsirləndirilən şəxslərdən Ceyhun Şabanov, Mirağa Ağayev və Emin Xəlilovun vəkilləri müvəkkillərinin ittihamda göstərilən cinayət işi ilə əlaqələrinin olmadığını əsas gətirərək təqsirləndirilən şəxslərin cinayət işinə xitam verilməsini xahiş ediblər.

Hakim vəsatətin hazırlıq iclasının predmetinə daxil olmadığını bildirərək vəsatətə məhkəmə istintaqı zamanı baxılacağını deyib.

Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verərək muvəkilləri barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər.

Hakimlər müşavirədən qayıtdıqdan sonra təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağverilən vəsatətin təmin olunmadığını elan ediblər.

Məhkəmədə təqsirləndirilən şəxs Elmar Mirzəyevin vəkillərinin növbəti vəsatətləri istintaq zamanı müvəkillərinin telefonundan çıxarılan məlumatların sübutlar siyahısından çıxarılması barədə olub.

Vəkillər bildirib ki, təqsirləndirilən şəxsin telefonuna giriş yalnız məhkəmə qərarı ilə həyata keçirilə bilər.

Bu vəsatət də təmin edilməyib.

Məhkəmənin baxış iclası sentyabrın 6-na təyin olunub.

Qeyd edək ki, Baş prokurorluğun məlumatına görə, Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Aparılmış əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, «İpək Yolu» gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə «Global Broker» MMC-nin direktoru olmaqla «D2D Logistics» MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.

Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlar əsasında adı çəkilən vətəndaşlar şübhəli şəxs qismində tutulublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR