Bakıda ana və azyaşlı qızının binadan yıxılıb ölməsi ilə bağlı cinayət işi başlanıb - FOTO - YENİLƏNİB

Aytən Niftəliyeva

© APA | Aytən Niftəliyeva

# 02 sentyabr 2021 12:02 (UTC +04:00)

Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı Səbail rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat ediblər.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin olunub, şahidlər dindiriliblər

Hazırda cinayət işi üzrə bütün xüsusatlar tam və hərtərəfli araşdırılır.

***

11:05

Bakının Səbail rayonunda dəhşətli ailə faciəsi baş verib.

APA xəbər verir ki, hadisə Badamdar qəsəbəsində qeydə alınıb.

Badamdar qəsəbəsində yaşayan Aytən Niftəliyeva və onun 1 yaşlı qızı Tahirə Niftəliyeva 4-cü mərtəbədən düşərək ölüb.

1997-ci il təvəllüdlü Aytən Niftəliyevanın anası Mehriban Süleymanova və qardaşı İlkin Süleymanov APA-ya müraciət edərək bildiriblər ki, hadisə avqustun 30-da baş verib.

A.Niftəliyeva ilə həyat yoldaşı Rəhman Niftəliyev arasında mübahisə düşüb.

Yaxınlarının dediyinə görə, mübahisə zamanı R. Niftəliyev həyat yoldaşını döyüb: “Bununla yanaşı, qayınatası İlqar Niftəliyev və qayınanası Təranə Niftəliyeva da qızımıza işgəncə verib. Rəhman qucağında 1 yaşlı qızcığaz olan qızımızı 4-cü mərtəbənin eyvanına çıxararaq orda döyüb. Bu zaman uşaq ananın qucağından yerə düşüb. Ana isə öz körpəsinin arxası ilə özünü yerə atarkən Rəhman və qayınatası bunun qarşısını almaq üçün heç nə etməyib. Nəticədə Aytən də 4-cü mərtəbədən yerə düşüb”.

Yaxınlarının sözlərinə görə, bütün bunlara səbəb A. Niftəliyevanın evdən əşyalarını götürərək getmək istəməsi olub.

1 yaşlı körpə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Aytən Niftəliyeva isə Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına çatdırılıb. Huşu özünə gələn A. Niftəliyeva hüquq-mühafizə orqanı əməkdaşlarına ifadəsində bildirib ki, uşağı əri Rəhman əlindən vuraraq yerə salıb, onu isə Rəhmanla yanaşı, qayınatası İlqar da döyüb.

Həkimlərin səyinə baxmayaraq, A. Niftəliyeva da bu gün səhər dünyasını dəyişib.

Həmin faktla bağlı APA-nın əməkdaşları hadisənin baş verdiyi ünvana yollanıb. Onları Rəhman Niftəliyev qarşılayıb. R. Niftəliyev hadisə vaxtı evin digər otağında olduğunu, hadisədən xəbər tutmadığını deyib.

İlqar Niftəliyev və Təranə Niftəliyeva isə qapı arxasından məlumat vermək istəmədiklərini bildiriblər.

Faktla bağlı cinayət işi başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR