Bakıda avtomobildən 100 min manatlıq oğurluq edilib

#

© APA | İsmayıl Məlikov

# 15:58
10 iyun 2021

Paytaxtın Binəqədi rayonunda vətəndaş Ə.Quluzadəyə məxsus avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, zərərçəkən Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı Polis Bölməsinə (PB) ərizə ilə müraciət edərək bildirib ki, nəqliyyat vasitəsinin yan şüşəsi sındırılaraq avtomaşının saxlanc yerindən 300 manat, arxa oturacağın üzərindən isə 5 ədəd ümumi dəyəri 100 min manat olan qol saatı oğurlanıb. Binəqədi RPİ-nin 6-cı PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş İsmayıl Məlikov saxlanılıb. Onun Binəqədi rayonunda yerləşən evinə baxış zamanı oğurladığı saatlar, üzərindən isə 3 qrama yaxın narkotik vasitə heroin aşkar edilib. 

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR