Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında ticarət obyektlərində yanğın söndürülüb - YENİLƏNİB - 4 - FOTO - VİDEO

Bakıda "Nərimanov" metrostansiyasının yaxınlığında ticarət obyektlərində yanğın söndürülüb - YENİLƏNİB - 4  - FOTO  - VİDEO
# 16 oktyabr 2021 10:43 (UTC +04:00)

Mertonun "Nərimanov" stansiyasının yaxınlığındakı ticarət obyektlərində baş verən yanğın söndürülüb.

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən ticarət obyektlərində yanğınla mübarizə tədbirlərinə cəlb olunub.

Yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğının genişlənməsinin qarşısı alınaraq saat 10:24-də söndürülüb. İlkin hesablamalara əsasən, təqribən 300 kv.m sahədə müxtəlif təyinatlı ticarət obyektləri yanıb. Bitişik ictimai-iaşə, o cümlədən ticarət obyektləri və yaşayış binaları yanğından mühafizə olunub.

***

10:22

Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın lokallaşdırılıb.

APA-nın məlumatına görə, hazırda soyutma işləri aparılır.

***

saat 10.08

Nərimanov rayonunda bir neçə obyektdə baş verən yanğın davam edir.

APA xəbər verir ki, hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları alovun qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

***

09:38

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığındakı ticarət obyektlərində başlayan yanğın genişlənib.

APA-nın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, ticarət mərkəzinin yaxınlığındakı mobil telefon satışı dükanlarında və aptekdə də yanğın başlayıb.

Yanğının söndürülməsi üçün 10 yanğınsöndürmə maşını və 70 yanğınsöndürən cəlb olunub.

Hazırda yanğınsöndürənlər əsas diqqəti yanğının yaxınlıqdakı çoxmərtəbəli yaşayış binasına keçməsinin qarşısını almağa yönəldib.

***

09:32

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğınla bağlı məlumat yayıb.

APA xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Nərimanov rayonu, Təbriz küçəsində yerləşən obyektlərdə yanğın olması barədə məlumat daxil olub. Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğın baş verdiyi ünvana cəlb olunub.

Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

09:23

Bakı şəhəri, Nərimanov rayonunda, Nərimanov metrostansiyası yaxınlığındakı ticarət obyektlərində yanğın başlayıb.

APA-nın məlumatına görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, ticarət mərkəzində baş verən yanğınla əlaqədar Ağa Nemətulla küçəsindən Təbriz küçəsinə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Ərazidə nəqliyyat sıxlığının yaranmaması üçün zərurət olmadığı halda bu istiqamətdə minik avtomobili ilə hərəkət etməmək tövsiyə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR