Baş Prokurorluqda “Sosial təhlükədə olan uşaqların müdafiəsi üçün təxirəsalınmaz tədbirlər” mövzusunda müşavirə keçirilib

Baş Prokurorluqda “Sosial təhlükədə olan uşaqların müdafiəsi üçün təxirəsalınmaz tədbirlər” mövzusunda müşavirə keçirilib

© APA | Baş Prokurorluqda müşavirə

# 02 avqust 2021 17:36 (UTC +04:00)

Avqustun 2-də Baş Prokurorluqda “Sosial təhlükədə olan uşaqların müdafiəsi üçün təxirəsalınmaz tədbirlər” mövzusunda Seminar-Müşavirə keçirilib.

Baş prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş prokurorun müavini Elmar Camalovun sədrliyi ilə keçirilən tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə və Səhiyyə nazirliklərinin, Ailə Qadın və Uşaq Komitəsinin, Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı, Gəncə, Sumqayıt, Mingəçevir və Şirvan şəhərlərinin İH və Abşeron RİH yanında Qəyyumluq və Himayəçilik Komissiyaları, həmin rayonların cinayət təqibindən kənar məsələlər üzrə fəaliyyət göstərən prokuror köməkçiləri iştirak ediblər.
Seminar-müşavirə qarışıq, yəni birbaşa və videoformat rejimlərində iştirak formatında keçirilib.

Seminar-müşavirədə bir illik fəaliyyəti ərzində Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aşkar olunmuş və araşdırılmış azyaşlı uşaqların hüquqlarının pozulması və müvafiq qanuni tədbirlərin görülməsi təcrübəsi müzakirə edilib.

Tədbir zamanı sosial təhlükədə olan uşaqların hüquqlarının müdafiəsi sahəsində səlahiyyətli ekspert qurum olan icra hakimiyyəti nəzdində Qəyyumluq və Himayəçilik Komissiyalarının sədrləri - icra hakimiyyəti başçılarının müavinləri və komissiyanın məsul katibləri görülmüş işlər, habelə prokurorluq orqanları ilə birgə əməkdaşlığın müstəsna rolundan bəhs ediblər.

Tədbir zamanı uşaqların həyatına valideyn və kənar şəxslər tərəfindən edilən qəsdlər, onların həyatı və sağlamlıqları üçün təhlükə törədən hallar aşkarlandıqda prokurorluq orqanları tərəfindən əlaqələndirilmiş şəkildə həyata keçirilmiş tədbirlər, o cümlədən sorğuların verilməsi, lazımi sənəd və məlumatların toplanması, ekspertizaların keçirilməsi, analiz və rəylərin alınması proseduru seminar iştirakçılarının diqqətinə çatdırılıb.

Prokurorluq orqanlarının daxili işlər, sosial təminat, səhiyyə və ədliyyə orqanları, xüsusilə də, yerli icra hakimiyyəti orqanları ilə son dövrdə formalaşan əməkdaşlığının, hüquqları pozulmuş uşaqların müdafiəsi məqsədilə vaxtında lazımi tədbirlərin görülməsinin, o cümlədən bu cür hərəkətlərə yol verən valideynlərə qarşı prokurorluq tərəfindən valideynlik hüquqlarının məhdudlaşdırılması və alimentlərin alınmasına dair mülki iddiaların qaldırılmasının və həmin iddiaların haqlı olaraq məhkəmələr tərəfindən təmin olunmasının əhəmiyyətindən bəhs edən tədbir iştirakçıları bu səpkidə olan görüşlərin ölkəmizdə uşaq hüquqlarının qorunması, onların məişət zorakılığının qurbanlarına çevrilməsinin qarşısının alınması işində mühüm əhəmiyyət kəsb edəcəyindən əminliklərini bildiriblər.

Tədbirin yekununda iştirakçılar qarşılıqlı əməkdaşlığın daimi fəaliyyətdə olan formata salınması ilə bağlı yekdil fikirlərini ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR