Bərdədə yanğın baş verən bazarda sahibkarlara dəyən ziyan hesablanır

Azər Vəliyev, Bərdədə yanğın baş verən bazarın direktor müavini

© APA | Azər Vəliyev, Bərdədə yanğın baş verən bazarın direktor müavini

# 26 may 2021 14:21 (UTC +04:00)

Bərdədə bazarda baş verən yanğın zamanı 88 mağazanın tamamilə yandığı, 10-dan çox mağazanın isə qismən zərər gördüyü məlum olub.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, bunu bazarın direktor müavini Azər Vəliyev deyib. Onun sözlərinə görə, hazırda araşdırma davam etdirilir. Sahibkarlara yanğın zamanı dəyən ziyanın miqdarı hesablanır. Araşdırmalar başa çatdıqdan sonra ictimaiyyətə əlavə məlumat veriləcək.

Qeyd edək ki, Bərdə rayonunun Güloğlular kəndindəki bazarda baş verən yanğın təxminən 5 min kvadratmetr ərazini əhatə edib. Hadisə nəticəsində 2100 kvadratmetr ərazi yanıb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, nazirliyin "112" qaynar telefon xəttinə, Bərdə rayonunun Güloğlular kəndində bazar ərazisində mağazada yanğın olması barədə məlumat daxil olub. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi əraziyə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğın daha geniş əraziyə yayılmasının qarşısı alınaraq tam söndürülüb.

Yanğının mürəkkəbliyi nəzərə alınaraq yanğınla mübarizə məqsədilə Bərdə rayon Yanğından Mühafizə Hissəsi ilə yanaşı, Yevlax, Ağdam, Tərtər və Ağcabədi rayonlarının Yanğından Mühafizə hissələrinin də müvafiq qüvvələri cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR