Birinci Qarabağ Müharibəsində azərbaycanlılara işgəncə verən erməni yaraqlıları məhkəmədə ifadə verib - YENİLƏNİB-1 - VİDEO

Birinci Qarabağ Müharibəsində azərbaycanlılara işgəncə verən erməni yaraqlılarının məhkəməsi

© APA | Birinci Qarabağ Müharibəsində azərbaycanlılara işgəncə verən erməni yaraqlılarının məhkəməsi

# 30 iyun 2021 13:15 (UTC +04:00)

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi bu gün davam etdirilib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Tural Davudov bildirib ki, Alyoşa Xosrovyan Cəbrayıl rayonunda Azərbaycan hərbçilərini ermənilərlə səhv salıb onların üstünə gəlib: "Biləndə ki, Azərbaycan hərbçiləridir, maşına tərəf qaçdı. Avtomobildən silahı götürmək istədi. Amma biz ona imkan vermədik. Alyoşa Xosrovyan bizi zərərsizləşdirmək istəyirdi".

Alyoşa Xosrovyanın saxlanılması prosesində iştirak edən şahid Aydın Məmişov deyib ki, 2020-ci il oktyabrın 4-də xidmətdə olarkən “UAZ” markalı avtomobilin onlara yaxınlaşdığını müşahidə edib: "Biz dərhal onu mühasirəyə salıb yaxaladıq. Maşın gəldi, dayandı, maşının içindəki adam başladı erməni dilində bizi çağırmağa. Biz onu yaxalayanda bildi ki, erməni deyilik. Maşına baxış keçirdik, döyüşə hazır vəziyyətdə olan avtomatı götürdük".

A.Məmişov bildirib ki, Xosrovyan hərbi geyimdə olub.

Daha sonra zərərçəkən qismində ifadə verən Zahid Həsənov 1994-cü ildə əsir kimi Xankəndidə saxlanıldıqlarını deyib. O bildirib ki, Alyoşa Xosrovyan və Lüdvik Mkrtiçyan 1994-cü ildə Xankəndində rus jurnalistin gözü qarşısında, həmin ilin may ayında Şuşada siqaret çəkmək üçün ayrılmış yerdə ona ağır işgəncələr verib: "Alyoşa da, Lüdvik də Azərbaycan dilini çox yaxşı bilir. Bizi çox yaxşı tanıyırlar”.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs Alyoşa Xosrovyan bildirib ki, “Yerkrapa” erməni təşkilatının üzvü kimi Qarabağda azərbaycanlılara qarşı döyüşüb: "Təşkilatın rəhbəri, erməni generalı Manvel Qriqoryan idi. Mən isə müharibədən qayıdandan sonra həmin təşkilata üzv olmuşam. 1991-1992-ci illərdə Rusiyada olmuşam. 1988-1990-cı illərdə isə hərbçi kimi sərhəddə xidmət etmişəm. O vaxt ermənilər Zəngilana bir neçə dəfə hücumlar etdilər. Həmin vaxtlarda mən də postlarda olmuşam. Sonra ayağımda yaralar yarandı, postlara getmədim. Ayağımdan müalicə alırdım, amma bilirdim ki, erməniləri Zəngilan və Qubadlını zəbt ediblər. 2020-ci il oktyabrın 3-də bildim ki, Azərbaycan hərbçiləri Cəbrayılı azad edib. Amma mənə zəng edən zabit dedi ki, Cəbrayılda erməni əsgərləridir, qorxma gəl”.

O, qondarma Dağlıq Qarabağ rejiminin keçmiş “müdafiə naziri” Samvel Babayanın "Yerkrapa" təşkilatının üzvü olduğunu bilmədiyini deyib.

A. Xosrovyan zərərçəkənləri tanımadığını söyləsə də, məhkəmədə ifadə verən zərərçəkmiş Cavid Hüseyn bildirib ki, Alyoşa Xosrovyan və Lüdvik Mkrtçyan birlikdə ona ağır işgəncələr verib.

Prosesdə təqsirləndirilən Lüdvik Mkrtiçyana sərbəst ifadə vermək təklif olunsa da o, "sözüm yoxdur", deyib.

Prokurorun suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Naxçıvanda anadan olub və 18 yaşına qədər orada yaşayıb: "1969-cu il dekabrın 5-də Naxçıvan Muxtar Respublikasında doğulmuşam. 18 yaşıma qədər orda yaşamışam. 1987-ci ildə orta məktəbi bitirmişəm. Erməni dilində oxumuşam. 1987-89-cu ildə hərbi xidmətdə olmuşam. Rusiya ordusunda xidmət etmişəm. Oradan ailəlikcə Ermənistana gəlmişik”.

1993-cü ildən sonra Ağdərədə xidmətdə olduğunu bildirib. Oradakı evlərə qarovul çəkdiyini, yeməkxanalarda kömək etdiyini, ona AK-74 silahı verildiyini deyib.

Dövlət ittihamçısının "sənin əlində silah postda nə gəzirdin" sualına Lüdvik Mkrtiçyan cavab verə bilməyib: "Bu suala cavab verməkdən çətinlik çəkirəm. O vaxt könüllülər yığışıb azərbaycanlılara qarşı vuruşurdu. Mən azərbaycanlılardan heç bir ziyan görməmişəm. 2 ay Hadrutda olmuşam. 1994-də atəşkəsdən sonra isə Suqovuşanda olmuşam.

Xocalı şəhərinin Azərbaycan ərazisi olduğunu, ermənilərin orada soyqırımı törətdiyini bilirəm. Ermənistan kanallarında Xocalı barədə süjetlərə baxmışam".

Proses iyulun 7-də davam etdiriləcək.

***

10.16

Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilir.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslər ifadə verir.

***

08.04

Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdiriləcək.

APA- məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək bu günki prosesdə təqsirləndirilən şəxslər ifadə verəcək.

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR