Birinci Qarabağ Müharibəsində azərbaycanlılara işgəncə verən erməni yaraqlılarının məhkəməsində zərərçəkənlər ifadə verib - YENİLƏNİB-1 - VİDEO

Birinci Qarabağ Müharibəsində azərbaycanlılara işgəncə verən erməni yaraqlılarının məhkəməsi

© APA | Birinci Qarabağ Müharibəsində azərbaycanlılara işgəncə verən erməni yaraqlılarının məhkəməsi

# 16 iyun 2021 14:00 (UTC +04:00)

Mətnə video əlavə olunub.

***

11:53

Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilib.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Kazımov Həbib Muxtar oğlu ifadə verib. O bildirib ki, sumqayıtlı olduğu üçün ona daha ağır işgəncələr veriblər: “Deyirdilər ki, Sumqayıt hadisələrində günahkarsan. Onlara bildirirdim ki, həmin vaxt mən uşaq idim. Olmazın işgəncələrə məruz qalmışam. Bizə orda torpaq yedirtdilər”.

Zərərçəkən qeyd edib ki, 1993-cü ildə əsir düşüb: “Məni Şuşa həbsxanasına apardılar. Odunla döyürdülər. Sumqayıtlıları görən gözləri yox idi. Məni sonra səhhətimdə yaranan problemlərə görə xəstəxanaya apardılar. Bir müddət müalicə olunandan sonra yenidən Şuşa həbsxanasına qaytardılar. Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanı həmin vaxt görmüşəm”.

Daha sonra zərərçəkən şəxs qismində Rzayev Zaur Vahid oğlu dindirilib. Z. Rzayev deyib ki, 1994-cü ildə Ağdam ərazisində minaya düşüb: “Huşum getmişdi. Özümə gələndə əsir düşdüyümü bildim. Məni Ağdamın özünə aparmışdılar. Orada mənə işgəncələr verdilər. Mən orda yalnız Lüdviki görmüşəm. Orda onun ləqəbi “Lyoxa” idi. Alyoşanı tanımıram. “Lyoxa” məni sürüyə-sürüyə aparırdı, şlankla su tökürdü ki, iç”.

Prokurorun suallarına cavab verən zərərçəkən bildirib ki, Lüdvik Mkrtiçyanı görən kimi tanıyıb: “O da yəqin ki, məni tanıdı. Onlar Azərbaycan dilində də danışırdılar, bizə öz dilimizdə söyüşlər söyürdülər”.

Daha sonra məhkəmədə zərərçəkmiş şəxs qismində Əliyev Heydər Famil oğlu ifadə verib. O qeyd edib ki, 1994-cü ildə əsir düşüb: ”Əvvəl bizi Ağdama, sonra Xankəndinə apardılar. Daha sonra isə Şuşa həbsxanasına. Əsas zülm orda başladı. Həbsxanadan sağda qəbiristanlıq vardı. Bizi ora aparıb qəbirləri qazdırıb, skeletləri çıxarıb güllələdirdilər. Mən imtina etdiyim üçün dəfələrlə döyülmüşəm. Qəbirdən skeletləri çıxarıb güllə vurmadığım və qızıl dişlərini çıxarmadığım üçün bir həftə karsa saldılar. Orada suyun işində qaldım”.

Prosesdə zərərçəkən Qafarov Rauf Şəmsəddin oğlu da dindirilib. Zərərçəkən bildirib ki, 1993-cü ildə əsir düşüb: “Əvvəl Fizuliyə sonra Xankəndiyə, daha sonra Şuşa həbsxanasına, oradan isə Qarabağın komandanı olan Samvel Babayanın kəndinə apardılar. Orada bizə taxıl əkdirirdilər. Samvel Babayana 4 mərtəbəli ev tikirdilər. Səhər növbə alanda, axşam növbəni təhvil verəndə bizi döyürdülər. Mən onlara deyirdim ki, mən qoyun otaranda əsir düşmüşəm. Yeməyə buğda verirdilər. Çay üçün isə ağacın qabığını soyub qaynadıb içirdik. Bir dəfə orada olan polis şagird oğlunu gətirdi. Uşaq məni görən kimi qorxub qaçdı. Sonra dedilər ki, uşaqlara məktəbdə deyiblər ki, türklər adamyeyəndir. Çoxdandır mən bunlarla üzbəüz oturmaq istəyirdim. Nəhayət, o gün gəlib çıxdı”.

Məhkəmə iclasında Vətən Müharibəsində şəhid olan Firavan Əsgərovun atası Xanbala Əsgərov da ifadə verib. O qeyd edib ki, oğlu müharibədə ağır xəsarət alaraq erməni terrorçularının əlinə keçib və Lüdviq Mkrtiçyan onu vuraraq öldürüb.

Prosesdə dindirilən zərərçəkən Həsənov Zahid Qoçəli oğlu isə deyib ki, 1994-cü ildə Füzulidə yaralanıb: “Həmin il martın 8-də ermənilər məni Xankəndidəki xəstəxanaya apardılar. Xəstəxanada həkimlər məni müalicə etmirdilər. Sonra məni Şuşa həbsxanasına apardılar. Alyoşanı da ilk dəfə məni həbsxanaya aparanda gördüm. Bir neçə gün sonra mənə dedilər ki, sizi müsahibə vermək üçün televiziyaya çıxarırıq. Mən də buna etiraz etdim. Onların jurnalistlər ittifaqının sədri məni dubinka ilə vurdu. Daha sonra müsahibə verməyim üçün məni Alyoşa döydü”.

Zərərçəkən onu da qeyd edib ki, ermənilər onları digər azərbaycanlılara işgəncə verməyə məcbur edib: "Lakin buna etiraz edəndə bizi döyürdülər. Lüdvik və Alyoşa məni 2 dəfə dubinka ilə döyüb".

Məhkəmənin növbəti prosesi iyunun 23-ə təyin edilib.

***

10.05

Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə baxışı davam etdirilir.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verir.

***

07.44

Bu gün Birinci Qarabağ Müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

APA-nın məlumatına görə, Yasamal rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsində hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçiriləcək bu günki prosesdə zərərçəkmiş şəxslərin ifadə verməsi gözlənilir

Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.

Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.

İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.

Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.

Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.

İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.

Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.

Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.

Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.

Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR