Casusluqda ittiham olunan ermənilər məhkəmədə ifadə veriblər - YENİLƏNİB-2

Casusluqda ittiham olunan ermənilərin məhkəməsi

© APA | Casusluqda ittiham olunan ermənilərin məhkəməsi

# 26 iyul 2021 16:30 (UTC +04:00)

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə fasilədən sonra Gevorg Sujyanın istintaqa verdiyi ifadənin qalan hissəsi elan edilib.

Gevorg Sujyan istintaqda ifadəsində deyib ki, sentyabrın 29-da Davit Davtyanla birlikdə görüşərək Qarabağa yollanıblar: "Yola çıxanda Davitə xüsusi xidmət orqanı ilə əməkdaşlıq etdiyimi dedim. Mən ona tapşırıqları izah elədim. Davit mənə Ermənistanın xeyrinə olan hər şeyi edəcəyini bildirdi. O da məlumatları toplayaraq Artaka ötürəcəkdi. Həmin gün maşınımla yola çıxdıq. Gorusa gələrək, ordan Laçın dəhlizinə keçdik. Xankəndi şəhərində məskunlaşdıq. Orada hərbi qulluqçularla görüşdük və hərbi əməliyyatlarda iştirak etmək istədiyimizi dedik. Bizi qəbul elədilər və Xocavənd istiqamətinə apardılar. Orada hər ikimizə silah verdilər. Həmin silahlardan əlavə partlayıcı maddələr və qumbaralar var idi. Biz ən yaxın təmas xəttində döyüşlərdə iştirak etmişik. Bizimlə döyüşdə olanlardan birindən snayper aldım və döyüşlərdə istifadə etdim. Mən və Davit Azərbaycan tərəfinin yerləşdiyi əraziləri, təxmini əsgər saylarını Artaka göndərirdik. Məlumatları bəzən mən, bəzən də Davit atırdı. Artak bizə yeni tapşırıqlar verirdi. Tapşırıqlar ondan ibarət idi ki, azərbaycanlı hərbçilər yerini dəyişərsə, dərhal ona deyək. Bir müddətdən sonra İrəvana gələrək topladığımız məlumatları Artaka ötürdük. O bizdən Azərbaycan Silahlı Qüvvələrinin yerləşdikləri ərazilərə daha yaxın gedərək dəqiq məlumatlar almağımızı istədi. Biz Davitlə tapşırıq əsasında yenidən döyüş bölgəsinə qayıtdıq. Xocavənddə Çartar kəndi yaxınlığında döyüşlərdə iştirak etdik. Gecə qaranlıqdan istifadə edərək Davitlə birlikdə azərbaycanlı hərbçilərin yaxınlığına gedərək çəkilişlər apardıq. Artak bizdən əsgər sayının daha dəqiq öyrənməyimizi istədi. Biz 28 nəfər azərbaycanlı hərbçini saydıq və məlumat verdik. Səhər açılana yaxın öz mövqelərimizə qayıtdıq".

Təqsirləndirilən şəxs istintaqda qeyd edib ki, İrəvana qayıdıb, 10 noyabr bəyannaməsindən sonra Artak ona zəng edərək kafeyə çağırıb: “Davitlə birlikdə ora getdik. Artak Şuşada Azərbaycan Ordusunun nə qədər hərbçisinin olmasını, texnikaların sayını və s. öyrənməyimizi, gizli şəkildə Şuşaya getməyimizi və məlumatları ona ötürməyimizi istədi. O bizə Şuşanın geri qaytarmaq istədiklərini bildirdi. Biz də Ermənistan üçün bunu edəcəyimizi dedik. Biz noyabrın 11-də mülki geyimdə yola düşdük. Guya ki, biz Xankədidə olanlara yardım aparmaq adı ilə yola çıxdıq. Sülhməramlıların yanından keçdik. Şuşaya 1 kilometr qalanda biz Xankəndi istiqamətinə olan yol ayırıcına girmədik. Şuşa istiqamətində irəlilədik. Maşını orada saxladıq. Piyada olaraq irəlilədik. Biz orada fotoşəkillər çəkirdik. Bu zaman Azərbaycan əsgərləri ilə rastlaşdıq. Onlar bizim kim olduğumuzu və burada nə etdiyimizi soruşdu. Həyəcanlı olduğumuzdan suallara cavab verə bilmədik. Onlar şübhələndikləri üçün bizi saxladılar".

Prosesdə davamında digər təqsirləndirilən Davit Davtyan sərbəst ifadə verib. O da Gevorg Sujyanla eyni məzmunlu ifadə verib. Deyib ki, Gevorqla dostluq münasibəti olub və ona döyüşlər zamanı humanitar yardımlar aparmaqda köməklik edib: "Müharibə zamanı əhaliyə, əsgərlərə yardımlar aparmışıq. Heç bir döyüşdə iştirak etməmişəm. 11 noyabrda Xankəndiyə gedən zaman Şuşada Azərbaycan Ordusunun əsgərləri tərəfindən saxlanıldıq".

Davit Davtyanın da istintaqa verdiyi ifadə elan edilib.

D. Davtyan istintaqa ifadəsində bildirib ki, 2011-ci ildə Hadrutda yerləşən hərbi hissədə əsgərlikdə olub: "2013-cü ildən etibarən hərbi xidməti başa vurub, İrəvana qayıtmışam. 2020-ci ilin yazında Gevorg Sujyanla tanış olmuşuq və dostluq münasibətlərimiz yaranıb. 27 sentyabrda müharibə başladı. Gevorg mənə zəng edərək, müharibədə iştirak edib-etməyəcəyimlə bağlı sual verdi. Mən də Ermənistan üçün hər şey edəcəyimi dedim. Gevorg 1 ildən artıqdır ki, xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini və Artak adlı şəxsdən tapşırıq aldığını dedi. Mən də Ermənistan naminə onunla razılaşdım. O mənə tapşırıqları izah elədi. Tapşırıqlar ondan ibarət idi ki, biz həm döyüşlərdə iştirak edəcəkdik, həm də Azərbaycan Ordusunun mövqelərini, say tərkiblərini öyrənməliydik. Həmin məlumatları Artaka ötürməliydik".

Davit Davtyan istintaqdakı ifadəsinin onu da qeyd edib ki, Xocavənd istiqamətində döyüşlərdə olublar və Azərbaycan Ordusunun mövqelərini öyrənərək Ermənistan xüsusi xidmət orqanlarına ötürüblər.

Proses iyulun 28-ə davam etdiriləcək.

***

13.50

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan edilib.

Prokuror ittiham aktını elan edib. İttihama görə, təqsirləndirilən şəxslər qabacaqdan əlbir olub qrup şəklində Azərbaycan sərhədini qanunsuz keçərək hərbi məlumatlar toplayıb, Ermənistanın xüsusi xidmət orqanlarına ötürərək casusluq ediblər.

Belə ki, təqsirləndirilən şəxslər 2019-cu ildə Ermənistan xüsusi xidmət orqanları tərəfindən əməkdaşlığa cəlb olunublar. Onlar 2020-ci ilin sentyabr ayında Sünikdən Gorusa, oradan da Azərbaycan ərazisinə daxil olublar. Təqsirləndirilən şəxslər həmin ərazidə ermənilərdən ibarət qanunsuz silahlı birləşmələrin tərkibinə daxil olaraq, qanunsuz silah-sursat əldə ediblər. Daha sonra onlar döyüş əməliyyatları gedən ərazilərdə Azərbaycan ordusunun yerləşdiyi mövqelər, say tərkibi və s. məlumatları toplayaraq Ermənsitan xüsusi xidmət orqanlarına ötürüblər.

2020-ci il noyabrın 11-də təqsirləndirilən şəxslər Laçın dəhlizi ilə Şuşa şəhərinə gələn zaman Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri tərəfindən saxlanılıblar.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı (casusluq), 279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

Hakim bildirib ki, təqsirləndirilən şəxslərə verilən ittihamlar məhkəmə istintaqında sübuta yetirilərsə, onlar 15 ilə qədər azadlıqdan məhrum edilə bilərlər.

Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviç Azərbaycan dövlət sərhədini qanunsuz keçdikləri üçün özlərini təqsirli bildiklərini bildiriblər.

Prosesdə Gevorg Sujyan sərbəst ifadəsində bildirib ki, Ermənistanda xeyriyyə təşkilatının rəhbəridir: "Müharibə başlayan zaman məni tanıyanlar yardımlar gətirməyə başladılar. Mən həmin yardımları toplayaraq orada olan əsgərlərə, hərbçilərə, Xankəndi sakinlərinə köməklik edirdim. Mən həmin yardımların hamısını "facebook" səhifəmdə paylaşırdım. Gorusdan yardımları toplayıb, Xocavənd ərazisindəki hərbi hissələrə apardım. Şuşaya ibadət üçün gəlmişəm. Orada jurnalistlərə açıqlamalar verdim, daha sonra Xankəndidə olan vəziyyətlə bağlı videoçarxlar hazırlayaraq sosial şəbəkələrdə paylaşdım. Noyabrın 10-da kapitulyasiya aktı imzalandıqdan sonra qərara gəldim ki, Xankəndiyə gedim. Çünki oradan bizə çoxlu müraciətlər var idi. Onlara yardımlar aparmalı idim. Ayın 11-də Laçın dəhlizindən rus sülhməramlıların yanından keçdik. Maşınımızı yoxladılar, bizə icazə verdilər. Dəhlizlə yolumuza davam etdik. Birdən gördük ki, Azərbaycan bayrağı görsənir. Biz həmin yerdə dayandıq. Bu zaman Azərbaycan Silahlı Qüvvələri tərəfindən saxlanıldıq və həbs edildik".

Prokurorun suallarına cavab olaraq Gevorg Sujyan bildirib ki, 2018-ci ildən Yeni Ermənistan Vətən Diaspora təşkilatını təsis edib: "Heç zaman xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməmişəm. Artak adlı şəxsi tanımışam. Lakin onun xüsusi xidmət orqanının əməkdaşı olduğundan xəbərim olmayıb. Mən onu Rusiyada yaşayan ermənilərin təşkilatının rəhbəri kimi tanımışam. Davit2020-ci ilin yay aylarında tanış olmuşam. Yardımları onunlar birlikdə aparırdım. Silah-sursatdan istifadə etməmişəm. Lakin bir dəfə döyüş bölgəsində əsgərdən silahını alıb şəkil çəkdirmişəm".

Təqsirləndirilən şəxsin istintaqa verdiyi ifadə ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyət olduğundan istintaqdakı ifadəsi elan edilib. O istintaqda ifadəsində deyib ki, atası Rusiya vətəndaşıdır və Sankt-Peterburq şəhərində yaşayır: "Uzun müddət həmin şəhərdə ailəliklə yaşamışıq. Məktəbi Ermənistanın Şirak vilayətində, univeristeti Rusiyada bitimişəm. Daha sonra hərbi xidmətimlə əlaqədar Ermənistana qayıtmışam. Peşəkar boksla məşğul olmuşan. Bu səbəbdən hərbi xidmətdə Kirovakan şəhərində kəşfiyyatçı kimi xidmət etmişəm".

Təqsirləndirilən şəxs istintaqda ifadəsində qeyd edib ki, 2019-cu ilin yaz aylarında Ermənistan xüsusi xidmət orqanlarından bir nəfər ona zəng edərək görüşməyi təklif edib: "Mən də Artak adlı xüsusi xidmət orqanı əməkdaşı ilə görüşdüm. O mənə təşkilatımla bağlı suallar verdi. Pul köçürmələri ilə bağlı problem olduğunu, çirkli pullarla bağlı köçürmələr olduğunu dedi. Bu səbəbdən mənə qarşı cinayət işinin açılacağını və həbs edəcəklərini qeyd etdi. Mən də həbs olunmaqdan qorxduğum üçün onlarla əməkdaşlıq edəcəyimə söz verdim və iltizama qol çəkdim. O, müxtəlif vaxtlarda mənə tapşırıqlar verəcəyini dedi. 27 sentyabr 2020-ci ildə müharibə başlayandan sonra Artak mənə zəng edərək görüşməli olduğumuzu dedi. Səhəri gün biz kafedə görüşdük. O, mənə vəziyyətin pis olduğunu və Ermənistanın mənim kimi oğlanlara ehtiyacı olduğunu bildirdi. Mən özüm də silahlı birləşmələrdə iştirak etmək istədiyimi dilə gətirdim. O mənə tapşırıq verdi ki, döyüş bölgəsində Azərbaycan Ordusunun olduğu mövqelər, saylar və texnikalarla bağlı məlumat toplayıb ona deyim. Mən məcbur qalıb onunla razılaşdım. Davitlə birlikdə hərəkət edəcəyimi ona bildirdim. Artak da bununla razılaşdı. Biz səhəri gün Gorus istiqatimətindən Azərbaycan ərazisinə keçdik".

Proses davam edir.

***

11.09

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilir.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başlandığı elan olunub.


Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq)
279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

***

08.10

Casusluqda ittiham olunan ermənilər - Davtyan Davit Tiqrani və Sujyan Gevorg Rubenoviçin cinayət işi üzrə məhkəmə prosesi davam etdiriləcək.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçiriləcək prosesdə məhkəmə istintaqının açıq elan ediləcəyi və prokurorun ittiham aktını elan edəcəyi gözlənilir

Qeyd edək ki, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 228-ci ( qanunsuz silah saxlama), 276-cı ( casusluq)
279-cu (Qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318-ci (qanunsuz dövlət sərhədi keçmə) maddələri ilə ittiham verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR