Dövlət Xidməti Zakir Sultanova qarşı 5 milyonluq iddia qaldırlıb

Zakir Sultanov

© APA | Zakir Sultanov

# 04 noyabr 2021 16:45 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə zərərçəkmiş qismində tanınan Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti dəymiş ziyanla bağlı mülki iddia qaldırıb. Mülki iddiada qeyd edilib ki, 5 milyon 327 min 900 manat ziyan təqsirləndirilən şəxsdən alınaraq dövlət büdcəsinə ödənilməlidir.

Təqsirləndirilən şəxsin vəkilləri isə mülki iddiaya etiraz edərək sözügedən ziyanın ödənildiyini bildiriblər.

Müdafiəçilər vəsatətlə çıxış etmək üçün məhkəmədən vaxt istəyiblər.

Proses noyabrın 18-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyat zamanı sabiq nazir müavini Rafiq Bayramovla birgə saxlanılıb. Daha sonra onlar barəsində başlanan cinayət işi ayrı icraata götürülüb. Z.Sultanova Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib. Xatırladaq ki, keçirilən əməliyyat zamanı saxlanılan mədəniyyət nazirinin sabiq müavini Rafiq Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə elan olunan hökmə əsasən R.Bayramov 8 il azadlıqdan məhrum edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR