Ərini öldürüb meyiti evin həyətində basdıran qadının məhkəməsi başlayır - YENİLƏNİB

Ərini öldürüb meyiti evin həyətində basdıran qadının məhkəməsi başlayır - YENİLƏNİB
# 01 sentyabr 2021 11:40 (UTC +04:00)

Bu il mayın 6-da Neftçala rayonu Aşağı Surra kənd sakini Qalib Əsgərovun yaşadığı evin həyətində qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.

Neftçala rayon prokurorluğundan APA-ya verilən məlumata görə, istintaqla müəyyən edilib ki, zərərçəkmişin arvadı Şahzadə Məhərrəmova şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yaşadıqları evin həyətində olan bel vasitəsilə Qalib Əsgərovun baş nahiyəsinə vuraraq xəsarətlər yetirərək qəsdən öldürüb, daha sonra cinayətin izini itirmək məqsədilə meyiti evin həyətində basdırıb.

Şahzadə Məhərrəmova Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

***

10.00

Neftçala rayonunda ərini öldürdükdən sonra meyitini yandırıb basdıran qadının cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

APA-nın məlumatına görə, həyat yoldaşı Qalib Əsgərovu qətlə yetirən Məhərrəmova Şahzadə Nəzir qızı barəsində toplanan cinayət işi materialları baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim İlkin Abdullayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası sentyabrın 16-na təyin olunub.

Qeyd edək ki, bu il mayın 17-də Lerik rayon sakini, 61 yaşlı Məhərrəmova Şahzadə Nəzir qızı kənd icra nümayəndəliyinə müraciət edərək, qeyri-rəsmi nikahda olduğu Neftçala rayon Aşağı Surra kənd sakini, 65 yaşlı Əsgərov Qalib Cabir oğlunun 11 may tarixində itkin düşməsi barədə məlumat verib.

Neftçala rayon Polis Şöbəsinin və Neftçala Rayon Prokurorluğunun apardığı əməliyyat-istintaq tədbirləri nəticəsində itkin düşən şəxsin öz həyat yoldaşı Şahzadə Məhərrəmova tərəfindən qətlə yetirildiyi məlum olub.

Şahzadə Məhərrəmova saxlanılaraq etdiyi cinayət əməlini etiraf edib və qeyd edib ki, həyat yoldaşı Qalib Əsgərovu öldürdükdən sonra yandıraraq öz həyətlərində basdırıb.

Şahzadə Məhərrəmova təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Neftçala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR