FHN Akademiyasında gənclərin fövqəladə hallarda davranışı ilə bağlı seminar keçirilib - FOTO

FHN Akademiyasında seminar

© APA | FHN Akademiyasında seminar

# 29 oktyabr 2021 18:05 (UTC +04:00)

Oktyabrın 29-da Fövqəladə Hallar Nazirliyinin Akademiyasında FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin təşkilatçılığı ilə respublikanın 20-yə yaxın ali təhsil müəssisəsinin tələbə və kursantlarının iştirakı ilə “Gənclərin fövqəladə hallarda davranışı haqqında məlumatlılıq səviyyəsinin artırılması” mövzusunda videokonfrans formatında seminar keçirilib.

APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, seminar Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq keçirilib.

Dövlət himinin səsləndirilməsi ilə başlanan seminarda çıxış edən FHN Akademiyasının rəisi general-mayor Baba Salayev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə uğurla davam etdirilən gənclər siyasəti digər dövlətlər üçün əsl nümunədir. Dövlətimiz tərəfindən Azərbaycan gənclərinin layiqli vətəndaş və savadlı kadr kimi yetişməsi üçün hərtərəfli şərait yaradıldığını deyən Akademiyanın rəisi, hər bir azərbaycanlı gəncin bu imkanlardan maksimum istifadə etməklə öz üzərində işləyərək xalqımız, dövlətimiz və Vətənimiz üçün dəyərli şəxsiyyət kimi formalaşmalı olduğunu vurğulayıb.

Tədbirin əhəmiyyətindən danışan rəis B.Salayev qeyd edib ki, digər sahələrdə olduğu kimi, fövqəladə hallarla mübarizə sahəsində də Azərbaycan gənclərinin məlumatlılıq səviyyəsinin artırılması vacibdir.

FHN-in Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin Layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə idarəsinin rəisi Azadi Quliyev Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan söz açaraq, dövlət başçısının 15 sentyabr 2017-ci il tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının bu siyasətin həyata keçirilməsi üçün atılan növbəti uğurlu addım olduğunu vurğulayıb. Natiq qeyd edib ki, Nazirlik tərəfindən gənclərin fövqəladə hallarda davranış qaydaları haqqında məlumatlılıq səviyyəsinin artırılması ilə bağlı indiyədək 3 elmi-praktiki konfrans keçirilib.

Seminarda FHN-in müxtəlif qurumlarının peşəkar mütəxəssisləri tərəfindən təbii və texnogen xarakterli fövqəladə hadisələr, onların başvermə səbəbləri və bu hadisələrin qarşısının alınması barədə, o cümlədən zəlzələ, sel, daşqın və yanğınlar zamanı davranış qaydaları, su hövzələrində insanların təhlükəsizliyinin təmin edilməsi, odsöndürən balonlardan istifadə üsulları, qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında idarəetmənin təşkili, yeni texnologiyaların tətbiqi və digər aktual məsələlərlə bağlı çıxışlar edilib.

Tədbirin sonunda suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR