FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq təlimdə iştirak edib - FOTO

FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq təlimdə iştirak edib

© APA | FHN-in Beynəlxalq Axtarış-xilasetmə Dəstəsi beynəlxalq təlimdə iştirak edib

# 24 sentyabr 2021 17:01 (UTC +04:00)

Sentyabrın 20-23-də Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Avro-Atlantik Fəlakətlərin İdarə olunması Mərkəzi və Şimali Makedoniya Respublikasının birgə təşkilatçılığı ilə fəlakət nəticələrinin idarə olunması sahəsində “Şimali Makedoniya – 2021” təlimi keçirilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, təlimin keçirilməsində əsas məqsəd fövqəladə hallara hazırlıq və onların qarşısının alınması, cavabvermə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsinin təkmilləşirilməsi, eləcə də NATO-nun Təhlükəsizlik və Sülh üçün Elmi Proqramı tərəfindən hazırlanmış “Yeni Nəsil Fəlakətlərin İdarə edilməsi Sistemi”nin (NICS) Şimali Makedoniyada sınaqdan keçirilməsi olub. Beynəlxalq təlimdə NATO-ya üzv və tərəfdaş ölkələrin axtarış-xilasetmə komandaları, beynəlxalq təşkilatların, Şimali Makedoniyanın dövlət və qeyri-hökumət orqanlarının nümayəndələri iştirak edib. Təlimdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Baş Əməliyyat idarəsinin rəis müavini polkovnik Ələsgər Əliyevin rəhbərlik etdiyi Nazirliyin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin bir qrup üzvü və fəxri qonaq qismində Mülki müdafiə işinin təşkili Baş idarəsinin Mülki müdafiə tədbirlərinin təşkili idarəsinin rəisi polkovnik Fərhad Səmədov iştirak edib.

Şimali Makedoniya Respublikasının ərazisi üçün xarakterik olan təbii fəlakət və qəzaların baş verməsi ssenarisinə əsaslanan təlimin açılış mərasimində Şimali Makedoniya Respublikasının daxili işlər naziri Oliver Spasovski, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin rəhbəri Stojanç Angelov və NATO Baş katibinin əməliyyatlar üzrə müavini Con Monaza çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, təlimdə iştirak edən ölkələrə təşəkkürlərini bildiriblər.

Şimali Makedoniya Respublikasının Ohrid və Struga şəhərlərində keçirilən təlimlər zamanı şəhər və dağlıq ərazilərdə axtarış-xilasetmə əməliyyatları, daşqın hadisələrinə, kimyəvi, bioloji və radioaktiv xarakterli qəzalara reaksiya verilməsi üzrə idarəetmə və koordinasiya qruplarının, komanda və ekspertlərin birgə fəaliyyəti nümayiş etdirilib.

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Beynəlxalq Axtarış-xilasetmə Dəstəsinin üzvləri təlimlərdə əsas planlaşdırma qrupunda və sahə əməliyyatlarını koordinasiya mərkəzində yer almaqla yanaşı, qiymətləndirici qismində də uğurla iştirak ediblər. Bundan əlavə, FHN-in Beynəlxalq dəstəsinin üzvləri masaüstü təlimdə də uğurlu iştirak nümayiş etdiriblər.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR