FHN-in nümayəndəsi MDB fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının iclasında iştirak edib

FHN-in nümayəndəsi MDB fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXXIII iclasında iştirak edib

© APA | FHN-in nümayəndəsi MDB fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXXIII iclasında iştirak edib

# 08 iyul 2021 10:16 (UTC +04:00)

İyunun 30-dan iyulun 3-dək Qırğız Respublikasında Müstəqil Dövlətlər Birliyinin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının XXXIII iclası keçirilib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi rəisinin müavini Gündüz Həmzəyev iştirak edib. Azərbaycanla yanaşı tədbirdə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın aidiyyəti dövlət qurumlarının nümayəndələri və MDB İcraiyyə Komitəsinin məsul işçiləri, qonaq qismində isə Ümumdünya Mülki Müdafiə Təşkilatının rəhbər şəxsləri iştirak edib.

İclasda Müstəqil Dövlətlər Birliyinin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasının 2019-2020-ci illərdə gördüyü işlərə dair məruzə dinlənilib, gələcək planlar barədə Şuranın İcraiyyə Komitəsi məlumat verib, müzakirələr aparılıb.

İclasda çıxış edən Gündüz Həmzəyev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan xalqının apardığı 44 günlük haqq savaşından, rəşadətli Ordumuzun əldə etdiyi böyük Zəfərdən danışıb, işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işləri və ərazilərin minalardan təmizlənməsi sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verib. O, həmçinin, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlətlərarası Şuranın sonuncu iclasından sonra gördüyü işlər barədə ətraflı danışıb.

İclasda MDB-nin təbii və texnogen xarakterli fövqəladə hallar üzrə Dövlətlərarası Şurasına sədrliyin növbəlilik prinsipi üzrə Rusiya Federasiyasından Qırğız Respublikasına keçməsi barədə qərar qəbul edilib.

Qeyd edək ki, səfər çərçivəsində iclas iştirakçıları Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin və dalğıc qrupunun fəaliyyəti ilə tanış olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR