Füzuli Əsədov: “Azərbaycandan göndərilən xilasetmə qrupları qardaş ölkədə böyük ruh yüksəkliyi ilə fəaliyyət göstərirlər”

Füzuli Əsədov: “Azərbaycandan göndərilən xilasetmə qrupları qardaş ölkədə böyük ruh yüksəkliyi ilə fəaliyyət göstərirlər”

© APA | General-mayor Füzuli Əsədov

# 05 avqust 2021 11:21 (UTC +04:00)

“Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, bir neçə gündür ki, Fövqəladə Hallar Nazirliyinin iki qrupdan ibarət şəxsi heyəti və yanğın texnikası Türkiyədə mürəkkəb şəraitdə baş verən yanğınların söndürülməsi işlərinə cəlb edilib. Ölkə başçısının tapşırığının davamı olaraq, bu gün 40 yanğın texnikası və 160 nəfər şəxsi heyətdən ibarət üçüncü qrup qardaş ölkəyə yola düşür”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov deyib.

Xidmət rəisi bildirib ki, yanğınların söndürülməsinə Azərbaycandan ümumilikdə 500 nəfərə yaxın şəxsi heyət göndərilib:

"Bundan başqa 1 ədəd helikopter də yanğın baş verən ərazilərdə fəaliyyətini davam etdirir. Əməkdaşımızın meşə yanğınlarının söndürülməsi ilə bağlı kifayət qədər təcrübəsi var. Orada da əməkdaşlarımız böyük ruh yüksəkliyi ilə yanğınların söndürülməsində fəal iştirak edirlər."

F. Əsədov onu da bildirib ki, Azərbaycandan göndərilən yanğınsöndürənlər arasında yanğınların söndürülməsi zamanı ciddi xəsarət alan olmayıb:

"Azərbaycandan göndərilən şəxsi heyətə daxil olan yanğınsöndürənlərin səhhətlərində heç bir ciddi problem yaşanmayıb. Sadəcə, əməliyyatlar zamanı iki nəfər əməkdaşımız yüngül xəsarət alıb".

Qeyd edək ki, nazirliyin yanğın-xilasetmə qüvvələrinin üçüncü qrupu artıq Türkiyə Respublikasına yola düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR