Göyçayda itkin düşən hamilə qadının meyiti su kanalında tapılıb - FOTO - YENİLƏNİB-1

Yuxarı Şirvan kanalı

© APA | Yuxarı Şirvan kanalı

# 11 noyabr 2021 15:53 (UTC +04:00)

Göyçay rayonunda itkin düşən qadının intihar etdiyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, qadının meyiti Yuxarı Şirvan kanalında aşkarlanıb.

Bu gün saat 12:30 radələrində Ucar rayonunun Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Şıxıyeva qaynına məxsus "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən Göyçay rayonu Potu kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanında özünü narahat hiss etdiyini və avtomobili saxlamasını istəyib. Nuranə Şıxıyeva avtomobildən düşərək naməlum istiqamətə gedib. Onun özünü Yuxarı Şirvan kanalına atdığı məlum olub. Polis əməkdaşları, FHN işçiləri və vətəndaşlar tərəfindən Yuxarı Şirvan kanalında aparılan axtarış tədbirləri zamanı onun meyiti kanala düşdüyü yerdən bir kilometr aralıda, Göyçayın Cəyirli kəndi ərazisindən tapılaraq aidiyyatı üzrə təhvil verilib.

Bir uşaq anası, ikinci uşağa hamilə olan Nuranə Şıxıyevanın özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

***

14.32

Göyçay rayonu ərazisində avtomobildən düşərək naməlum istiqamətə gedən qadının kimliyi məlum olub.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar rayonu Qazıqumlaq kənd sakini, 1992-ci il təvəllüdlü Nuranə Şıxıyeva ailə üzvləri ilə birgə, qaynına məxsus "VAZ 2107" markalı avtomobildə İsmayıllı rayonuna, həyat yoldaşının nənəsigilə qonaq gedib. Bir uşaq anası və hazırda ikinci uşağa hamilə olan N. Şıxıyeva İsmayıllıdan geri qayıdarkən Yuxarı Şirvan kanalının yanında qaynının avtomobilindən düşərək naməlum istiqamətə gedib. Hazırda həyat yoldaşı Rusiyada olan qadının hamiləliklə əlaqədar nevroloji problemlərinin olduğu bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəkil regional qrupunun baş inspektoru Mahir Məsimov APA-nın yerli bürosuna bildirib ki, qadının tapılması üçün Göyçay rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən axtarış tədbirləri davam etdirilir.

***

13.52

Göyçay rayonunda müəmmalı hadisə baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, Ucar rayonundan olan bir qadın bu gün saat 12:30 radələrində taksi ilə Göyçaya gələrkən Potu kəndi ərazisindən keçən Yuxarı Şirvan kanalının yanında sürücüdən avtomobili saxlamağını istəyib. Yerli sakinlərin sözlərinə görə, qadın əlindəki sellofan torbanı atmaq üçün maşından düşüb, kanala tərəf gedib və kolluq ərazidə yoxa çıxıb. Sürücü bir müddət sonra onun geri qayıtmamasından narahat olaraq polis əməkdaşlarına məlumat verib. Onun özünü kanala ataraq intihar etdiyi ehtimal olunur. Hazırda ərazidə polis əməkdaşları və vətəndaşların iştirakı ilə axtarış aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR